Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub. Bildirilib ki, qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində müəyyən edilib ki, "Toyota Aqua” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində beton pilləyə çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1992-ci il təvəllüdlü Baxşəliyev Əmrah Zaur oğlunu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.







































