xari

Bakıda evdən 5 nəfərin meyitinin tapılması ilə bağlı RƏSMİ MƏLUMAT

SOSİAL
16:07 23.02.2021
1033
Baş Prokurorluq Bakıda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

Araşdırmalarla müəyyən olunmuşdur ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunmuşdur.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş vermişdir.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR