Kluba basqın edən şəxslər yaxalandırlar
Bakıda gecə klubuna basqın edən şəxslər saxlanılıblar. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 4-ü saat 05:30 radələrində M.Qardaşları küçəsində yerləşən gecə klubunda naməlum şəxs xuliqanlıq zəminində orada mühafizəçi işləyən Saatlı rayon sakini Samir Qasımovun əl nahiyəsindən bıçaq xəsarəti yetirib. Polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Mahmud Rüstəmov, Tərtər rayon sakini Araz Fərəcov, Bakı şəhər sakinləri - Məhəmməd Quliyev və Turan Məmmədli yaxalanıblar. Onların üzərinə baxış keçirilərkən M.Rüstəmovdan 7 qram tiryək, M.Quliyevdən 4 qramdan, T.Məmmədlidən isə 5 qramdan artıq həşiş qətranı aşkar edilib. A.Fərəcova məxsus “Crysler” markalı avtomobildə olan əl çantasından 22 qramdan artıq həşiş qətranı və 1 ədəd revolver markalı tapança aşkar edilib. Əməliyyatı Daxili İşlər Nazirliyinin baş cinayət-axtarış idarəsi, Nəsimi Rayon Polis İdarəsi (RPİ), Səbail RPİ 39-cu polis bölməsi və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları birgə keçiriblər. Onu da əlavə edək ki, M.Rüstəmov və A.Fərəcov əvvəllər də məhkum olunublar.(Anspress)