Bu gün Azərbaycanda iki həbsxananın yerləşdiyi ərazidə təbii fəlakət baş verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fövqəladə hadisə barədə məlumat daxil olan kimi xidmət üzrə həyəcan siqnalı elan olunub.Məlumata görə, bu gün saat 17:40 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin yerləşdikləri ərazidə normal hava şəraitində təxminən bir dəqiqə davam edən burulğanla müşayiət olunan güclü qasırğa baş verib.Hadisə nəticəsində müəssisələrin 110 metr uzunluğunda əsas və yardımçı hasarları uçub, dam örtükləri, elektrik dirəkləri, işıq və rabitə xətləri sıradan çıxıb, rabitə əlaqəsi kəsilib.Hadisə ilə bağlı dərhal xidmət üzrə həyəcan siqnalı verilib, xidmətin müvafiq qurumlar səfərbər olunub, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və Azərenerji ASC-nin müvafiq qurumları əraziyə cəlb olunublar.Həbsxanalarda təhlükəsizliyin təmin olunması, məhbusların ərazini tərk etməmələri üçün tədbirlər görülüb.Xidmətin məlumatında bildirilib ki, hazırda təbii fəlakətin nəticələri aradan qaldırılır, həbsxanalarda vəziyyət stabildir.