Bakıda hərəkətin intensiv olduğu küçədə piyada keçidi yoxdur.
"Xəzər Xəbər"ə müraciət edən sakinlər deyirlər ki, hətta bu səbəbdən burada piyadaların ölümü nəticələnən qəzalar da baş verib.
Söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsindən gedir. Buradakı yaşayış binalarından üzbəüzdə yerləşən parka, məktəblərə getmək istəyən piyadalar təhlükə ilə üzləşirlər. Piyada keçidinə ehtiyac var, lakin bu məsələ öz həllini uzun müddətdir ki, tapmır.
Sakinlər deyir ki, xüsusən də axşam saatlarında qəzaların baş vermə ehtimalı daha da artır. İşdən çıxan adamlar, dərsdən çıxan uşaqlar sürətlə şütüyən maşınların önündən keçməli olurlar.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən ərazidə piyada keçidinin təşkili ilə bağlı qərar qəbul olunub. Yaxın günlərdə keçid təşkil ediləcək.









































