Bakıda keçmiş əri tərəfindən bıçaqlanan qadın məhkəmədə dindirildi

KRİMİNAL
18:50 01.02.2022
373
Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vurmaqda və bıçaqlamaqda təqsirləndirilən Fədai Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı, zərərçəkmiş Ramidə Budaqova ifadə verib.

O bildirib ki, F.Atakişiyevdən hadisədən 2 il əvvəl boşanıb: "Bizim 14 və 10 yaşında övladlarımız var. Fədai məndən qabaq da evli olub. Bizim 10 il ailə həyatımız olub. Ayrılandan sonra o, uşaqları ilə görüşürdü. Hər dəfə məni və anamı söyüb döyürdü.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, məhkəmə binasının yaxınlığında baş verib. Anamla yolun kənarında dayanmışdıq. Fədai idarə etdiyi minik avtomobili ilə məni vurdu. Bu zaman o, avtomobildən düşdü və əvvəlcə məni, daha sonra anam Narın Ağayevayanı bıçaqladı. Anamın ayağında hələ də çürümə gedir.

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxs qadının yataq xəstəsi olan dayısını da döyüb: "Birgə yaşadığımız müddətdə psixi vəziyyətində hər hansı problem hiss etməmişəm".

Digər zərərçəkmiş Narın Ağayeva isə deyib ki, F.Atakişiyev məhkəmə binasının qarşısında onu və qızını avtomobillə vurub: "Sonra mənə 22 bıçaq zərbəsi vurdu. İki ildir müalicə olunuram".

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Qeyd edək ki hadisə 2019-cu ilin avqustunda paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü F.Atakişiyev idarə etdiyi "Opel” markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Budaqovanı vurub. Daha sonra F.Atakişiyev avtomobilindən düşərək hər iki qadını bıçaqlayıb.

F.Atakişiyev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsinin tələbi ilə cinayət işi başlanılıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR