Bakıda köhnə təkər problemi aktuallaşır

Bakıda köhnə təkər problemi aktuallaşır
SOSİAL
14:09 25.06.2021
403

Azərbaycanda dünyanın digər ölkələrində olduğu kimi, avtomobillərin sayı sürətlə artır. Bununla bərabər işlənmiş təkərlərin sayı da durmadan artmaqdadır. Onların utilləşdirilməsi yerli bazar üçün mürəkkəb və bahalı bir prosesdir. Avropada işlənmiş təkərlər təkrar istifadəyə verildiyi halda, bizdə onlar sadəcə zibilliyə atılır və yaxud yandırılır.

Ekologiya üzrə ekspert, AR Geologiya və Geofizika İnstitutunun İnnovasiya Departamentinin rəhbəri t.e.d. Vaqif İbrahimovun sözlərinə görə, işlənmiş təkərlər həm ekologiya, həm də insanlar üçün təhlükə yaradır. Bu, onların tərkibində zəhərli kimyəvi maddələrin çox olması ilə bağlıdır ki, bu maddələrin havada cəmləşməsi onkoloji xəstəliklərin çoxalması riskini xeyli artırır. Bundan əlavə, işlənmiş avtomobil rezininin yerin altında parçalanması prosesi təxmini 100 il davam edir və xarici amillərin təsiri altında o, torpaq və atmosferə çox zəhərli maddələr buraxır.

Tut.az Pulsuz Elanlar Saytının təkərlərin satışı mağaza və satıcılar arasında keçirdiyi sorğunun nəticələrinə görə, yeni təkərlərin alışı zamanı əksər hallarda müştəriyə köhnə təkərlərin əvəzində müəyyən məbləğ təklif olunur (o şərtlə ki, onları i/o kimi realizə etmək olar). Əgər təkərlər gələcəkdə təkrar satış üçün yararlı deyilsə, müştəri onları özü ilə aparıb tullayır və yaxud yandırır.

Lakin iri şirkətlər başqa üsullara əl atır. Məsələn, Vianor Təkər Mərkəzinin satış üzrə meneceri Tərlan Allahverdiyevin qeyd etdiyinə görə, bu kimi halların baş verməməsi üçün şirkətlə müqavilə bağlanılıb ki, həmin şirkət mütəmadi olaraq anbardan bütün işlənmiş təkərləri götürüb utilləşdirilmə üçün xüsusi ayrılmış yerə daşıyır. Baxmayaraq ki, bu kimi hallar şirkətdən əlavə xərc tələb edir, bu proses həm müştəri, həm də satıcı üçün rahatdır. Həmçinin bu, işlənmiş şinlərin saxlanmasının mənfi təsirindən irəli gələn ziyanı azaltmağa imkan verir.

Təkərlərin utilləşdirilməsi texnologiyasının istənilən nöqteyi-nəzərdən köhnə yandırılma, anbarlaşdırılma və basdırılma üsullarından qat-qat sərfəli olduğuna baxmayaraq, Azərbaycanda işlənmiş avtomobil təkərlərinin utilləşdirilməsi məsələsi indiyədək qanunvericilik səviyyəsində həll olunmayıb və təkərlər əvvəlki kimi paytaxtımızın kənar zibilliklərində yığılmağa davam edir.

OXŞAR XƏBƏRLƏR