Bakıda kişini şantaj etməkdə suçlanan dəstənin cinayət işi - intim video, saxta sənəd

Bakıda kişini şantaj etməkdə suçlanan dəstənin cinayət işi - intim video, saxta sənəd
KRİMİNAL
17:10 30.07.2019
5238
Bakıda kişini şantaj edərək külli miqdarda əmlakını ələ keçirməkdə ittiham edilən dəstə hakim qarşısına çıxarılıb. Onlardan biri qadındır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə başlayıb. Təqsirləndirilən şəxslər Samir Mahmudov, Zaur Əliyev, Elvin Zahidov, Fərid Qasımovun və Yaqut Kərimovadır.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslər Fərman Fərmanzadəni hədələyərək ondan külli miqdarda pul alıblar. Belə ki, Fərid Qasımov zərərçəkmişə Mərdəkan qəsəbəsində torpaq sahəsi satmaq üçün vəd verib. Həmin torpaq sahəsinə sənəd almaq üçün ondan müxtəlif məbləğlərdə pul tələb edib. Daha sonra isə onu şantaj edib.

İttihamda yazılır ki, Fərid Qasımov torpaq sahəsi üçün saxta sənədlər hazırladığını, buna görə Fərman Fərmanzadənin də məsuliyyət daşıdığını deyib. Bu bəhanə ilə də ondan pul tələb edib. Pulu verməyəcəyi təqdirdə isə onun barəsində polisə məlumat verəcəyini deyib. Bu məqsədlə ondan 50 min, daha sonra isə 15 min manat tələb edildiyi bildirilir.

Bu işdə digər təqsirləndirilən şəxslər də iştirak edib. Pulu verməyəcəyi təqdirdə digər şəxslərin Fərman Fərmanzadəni döyməklə, işgəncə verməklə hədələdiyi bildirilir.

Həmçinin F.Fərmanzadəni qadınla intim əlaqəyə girməyə məcbur edərək bunu lentə almaq istəyiblər. Şantajlardan sonra pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslərin heç biri özünü günahkar bilməyib. Fərid Qasımov zərərçəkmişlə iş üçün görüşdüyünü, ona pul verib, pul aldığını söyləyib.

Məhkəmədə zərərçəkmiş şəxs iştirak etməyib. Hakim zərərçəkmişin iştirakı olmadığı üçün təqsirləndirilən şəxslərin dindirilməsini növbəti prosesə saxlayıb.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
 
///Musavat.com 
OXŞAR XƏBƏRLƏR