Endirimlər mağazada satışda olan malların qiymətinə tətbiq edilməyib.
Bakıda saxta endirim hallarının qarşısı alınıb. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Xəlilov Oruc Məmməd oğluna məxsus mağazada istehlakçıların aldadılması halları müəyyənləşdirilib. AZXEBER.COM-un İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, mağazanın giriş hissəsində "40% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi aşkarlanıb. Bundan başqa qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (endirimli qiymətin) qeyd olunmadığı müəyyən edilib. Həmçinin qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılib və fiziki şəxs Oruc Xəlilov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.