AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Xəzər rayonunun Binə Atçılıq qəsəbəsində yerləşən və Ağdam rayon 102 nömrəli tam orta məktəbin fəaliyyət göstərdiyi binadan gedir.
Mülk sahibi Hidayət Sadıqovun sözlərinə görə, bina ona məxsusdur və məktəb 2018-ci ildən burada icarə əsasında fəaliyyət göstərir. O bildirir ki, əvvəlki illərdə icarə haqqı hər ay ödənilsə də, 2026-cı ilin yanvarından ödəniş dayandırılıb.
Mülk sahibi iddia edir ki, ödənişin davam etdirilməsi üçün Qarabağ Regional Təhsil İdarəsi ilə yeni müqavilə də imzalayıb. Lakin onun sözlərinə görə, bundan sonra da hesablaşma aparılmayıb.
Məsələ ilə bağlı əvvəlcə məktəbin direktoru Afaq Mahmudova ilə əlaqə saxladıq. O bildirdi ki, məsələdən məlumatlıdır və faktla bağlı Qarabağ Regional Təhsil İdarəsinə məlumat verilib. Direktorun sözlərinə görə, vətəndaşa icarə haqqının ödənilməsinin gecikdirilməsinin əsas səbəbi mülkün çıxarışının olmamasıdır. Bildirildi ki, problem aradan qalxdıqdan sonra ödənişlər həyata keçiriləcək. 7 ildən çoxdur ki, çıxarışsız mülkə icarə haqqının necə ödənilməsi məsələsi isə sual olaraq qalır.
Qarabağ Regional Təhsil İdarəsinə də sorğu göndərdik. Ancaq suallarımız cavablandırılmadı.











































