Sentyabr ayının 13-də Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da “Nargis” jurnalının dördüncü sayının təqdimat mərasimi keçirilmişdir.
AZXEBER.COM-un məlumatına görə, bununla əlaqədar olaraq, moda kolleksiyalarının və “Berqdorf Qudman: Bir əsrdən çox dəb olimpinin zirvəsində” filminin qapalı nümayişi keçirilmişdir. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və başqa məhşur şəxslər iştirak etmişdir. Yüksək səviyyədə təşkil olunmuş təqdimatda qonaqları məhşur müğənni Diana Hacıyeva sevindirmişdir.
Moda nümayişində Vorosha brendinin geyimləri və JanAtelier-nin “Cənnət” adlı eksklüziv kolleksiyası təqdim olunmuşdur. Kolleksiyanın əsas printlərinin süjeti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Fly to Baku sərgisində və “Yarat” müasir incəsənət məkanının ekspozisiyalarında təqdim olunmuş rəsmləri əsasında yaradılmışdır. Kolleksiyanın əsas printi Azərbaycanın milli simvollarından olan nar olmuşdur. Nümayiş üçün zinət əşyaları Daprima Jewellery tərəfindən təqdim olunmuşdur.
Təqdimat gecəsinin platinum sponsoru luxury t-shirt istehsalçısı olan Vorosha brendi olmuşdur. Qızıl sponsorlar - Qarant Sığorta, Paşa Bank və Daprima Jewellery. Tədbir həmçinin, “Jan” atelyesi, “28 Mall” və “Armani Water”ın sponsorluğu ilə keçirilmişdir.
“Nargis” jurnalı ölkə və ölkədən kənarda moda, mədəniyyət və incəsənətə tam yeni baxışlı nəşrdir.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.





