Dünən Yuğ teatrında Cabir Novruz Mədəniyyət Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyiylə "Söz" Ədəbi Layihəsi çərçivəsində növbəti görüş keçirilib. "Söz" ün bu dəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr edilib.
AZXEBER.COM xəbər verir ki, gecədə bir çox qiraət ustaları iştirak edib. Şeir gecəsində Yuğ Teatrının aktyorlarının ifasında Mikayıl Müşfiqin ən gözəl şeirləri səsləndirilib.
Gecənin əsas təşkilatçlarından olan Cabir Novruz Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov tədbiri açıq elan eədərk, Mikayıl Müşfiq yaradıcılığından bəhs edib.
O, çıxışı zamanı Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdiyini, onun yaradıcılığının dillər əzbəri olmaqla yanaşı, qəlblərdə məskən saldığını vurğulayıb.
Əsas məqsədlərindən bəhs edən fond rəhbəri təkcə Mikayıl Müşfiqin deyil, digər şairlərimizin də yaradıcılığına həsr olunmuş gecələr keçirmək istədiklərini qeyd edib.
Fondun gələcək planlarından danışan Cavanşır Qurbanov onu da qeyd edib ki, əsas məqsədlərindən biri də gənc şairlər üçün yaradıcılıq gecəsinin təşkil olunmasıdır.
Daha sonra "Söz" Ədəbi Layihəsinin rəhbəri Nigar Həsənzadə Azərbaycan Yazıçılar Birliyinin və Cabir Novruz adına Fondun mükafatı ilə təltif edilib.
Tədbir musiqi proqramı ilə davam edib.
Qeyd edək ki, şair Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlib. Poetik yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur. M.Müşfiq həbs edilməmişdən əvvəl "Çağlayan" şerlər toplusunu tərtib edib nəşriyyata verib. 1937-ci ildə şair "Xalq düşməni" damğası ilə həbs edilib və 1938-ci il yanvarın 6-da qısa çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunub.
Günel, AZXEBER.COM