Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək.
AZXEBER.COM xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib.
Onun sözlərinə görə, tələbləri yerinə yetirilməsə, etiraz tətillərini davam etdirəcəklər. Tələblərə gəlincə, E.Eldarov deyib ki, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər:
"Sürücülər minimum 2 manat 50 qəpiyə 3 kilometr yol qət edirlər, lakin onlar minimal qiymətə maksimum neçə kilometr yola qət edə bilərlər - bununla bağlı hədd müəyyənləşməyib. Buna görə də bəzən sərnişinlər 10 kilometr yolu da 3 manata gedə bilirlər. Digər tələbimiz şəhərin mərkəzində taksi dayanacaqlarının sayının artırılmasıdır. Məsələn, Neftçilər, Azərbaycan prospektlərində, Yusif Səfərov, Rəşid Behbudov və s. kimi küçələrdə taksi dayanacağı yoxdur.
Biz bu məsələyə sərnişin tərəfdən də baxırıq. Yaşlı, xəstə bir adam taksiyə minmək istəsə və mobil tətbiq vasitəsilə olduğu yerə taksi sifariş etsə, sürücü məkana çatıb onu götürə bilmir, cərimə yazılır. Məsələn, sərnişin Dövlət Kukla Teatrının qarşısında dayanıbsa, taksi sürücüsü onu necə götürsün? Orada heç qırıq xətt də yoxdur ki, daxil olub sərnişini götürə bilək. Buna görə tələb edirik ki, fərqlənmə nişanı olan taksi sürücülərinə avtobus zolağına daxil olub 2-3 dəqiqə ərzində sərnişin götürməyə və düşürməyə icazə verilsin”.
Sözügedən tələblərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi indi müzakirə olunmur:
"Hazırda paytaxtın 32 küçə və prospektində uzunluğu 100 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır”.
O qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur: "Hazırda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin, əsasən, universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur”.
Taksi xidmətində qiymətlərin tənzimlənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, taksi sahəsində aparılan islahatlar bazarda rəqabət mühiti yaradıb və keyfiyyət dəyişikliyinə təkan verib:
"Qanunvericilik bazasının təkmilləşdirilməsi və aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər müşahidə edilir. Taksi xidməti sahəsi tənzimlənir, peşəkar əmək bazarı formalaşır və xidmət keyfiyyəti artır. Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.