Moskva ixracatçıları Azərbaycanda səfərdədir

İQTİSADİYYAT
14:22 25.04.2024
293
Moskvanın nəqliyyat, tikinti və FMCG sahəsində mal və xidmət istehsalçıları işgüzar tərəfdaşlarla danışıqlar aparmaq üçün Azərbaycanda səfərdədir. 23-25 aprel tarixlərdə "Landmark Hotel Baku”da baş tutan biznes missiyasının təşkilatçısı qismində Moskvanın Sahibkarlıq və İnnovativ İnkişaf Departamentinin tabeliyində fəaliyyət göstərən Moskva İxrac Mərkəzi (MİM) çıxış edir. Məkanın icarəsi, işgüzar görüşlərin keçirilməsi və digər xərclər MİM tərəfindən qarşılanır. Biznes missiyası çərçivəsində ümumilikdə 15 şirkət öz məhsullarını təqdim edir.

Moskva nümayəndə heyətinə daha çox tikinti sənayesinin təmsilçiləri daxildir. TK 2T MMC Qazaxıstan, Belarus, Qırğız Respublikası və Moldovada tikinti materiallarının topdansatışını həyata keçirir. Tikinti materiallarının istehsalçısı və distribütoru olan FASADKERAMIKA (ФАСАДКЕРАМИКА) MMC Qazaxıstan və Gürcüstan bazarlarında fəaliyyət göstərir. Bundan başqa, İNNOBLOK (ИННОБЛОК) MMC (dekorativ fasadlı keramzit divar blokları) və "NPO perspektivnıx texnologiy” MMC ("НПО перспективных технологий”) (pnevmatik nəqliyyat sistemləri) ilk dəfə olaraq öz məhsullarını xarici tərəfdaş şirkətlərə təqdim edir.

Elektrik kommunikasiyalarının çəkilməsi və əlavə izolyasiyası üçün kabeldaşıyıcı sistemlərin istehsalçısı olan PROMRUKAV (ПРОМРУКАВ) MMC məhsullarını Qazaxıstan, Belarus, Özbəkistan, Gürcüstan, Qırğız Respublikası və Moldova kimi qonşu ölkələrə ixrac edir.

Şirkətin ixrac satışları üzrə meneceri Andrey Mezentsevin sözlərinə görə, təmsil etdiyi şirkət estetik və təhlükəsiz quraşdırma mədəniyyətini inkişaf etdirmək üçün Azərbaycan bazarında etibarlı tərəfdaşlar axtarır: "25 illik fəaliyyətimiz ərzində biz zəmanətli keyfiyyət və ən yüksək səviyyəli xidmət sayəsində təklif olunan məhsul çeşidləri və həllər baxımından bu sahənin liderlərindən birinə çevrilməyi bacarmışıq. Azərbaycanda  kabeldaşıyıcı sistemlər üzrə bütün məhsul çeşidimizi, eləcə də elektrotexnika şəbəkəsinin quraşdırılması vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verən elektromontaj üçün innovativ məhsullar təqdim etməyi planlaşdırırıq. Son bir neçə il ərzində şirkətimiz qaz tapançasından istifadə etməklə həyata keçirilən "birbaşa quraşdırma” texnikası üçün aksesuarların istehsalında böyük sıçrayışa nail olub”. 

Tədbirdə Moskva şirkətləri həmçinin İT, nəqliyyat və logistika sahəsində həllər təqdim edir. "Akselot-L” ("Акселот-Л”) MMC-nin təklif etdiyi rəqəmsal logistika üçün proqram təminatı Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Gürcüstan və Belarusda tanınır. "Oko-Systems” ("Око-Системс”) MMC Belarusa nəqliyyat sənayesi üçün proqram sistemləri tədarük edir.

ALBERANI LOGISTICS (АЛЬБЕРАНИ ЛОГИСТИКС) MMC 20 ilə yaxındır ki, beynəlxalq yükdaşıma istiqamətlərində, o cümlədən MDB və Cənubi Qafqaz ölkələrində, Avropada, Şimali və Cənubi Amerikada, Mərkəzi və Cənub-Şərqi Asiyada, Yaxın Şərqdə fəaliyyət göstərir. Şirkət avtomobil, konteyner və hava daşımaları vasitəsilə istehlak və sənaye mallarının, neft-kimya və tibbi təyinatlı məhsulların, ərzaq məhsulları və inqrediyentlərin, enerji avadanlığı və digər avadanlıqların, ehtiyat hissələri və texnikaların daşınmasını həyata keçirir.

"Servis şirkəti olaraq biz ticarət əlaqələrini inkişaf etdirmək üçün yaxşı potensiala malik bazarlara üz tuturuq. "Cənub-Şimal” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçməsi ölkələrimiz arasında ticarət dövriyyəsinə marağın artmasına təkan verib. Biz Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsulların Rusiyaya, eləcə də Rusiya istehsalçılarının məhsullarının Azərbaycan bazarına tədarükünü təmin etməyə hazırıq. Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf edəcəyinə ümid bəsləyirik. Qarşılıqlı ticarətdə dil və sanksiya məhdudiyyətlərinin olmaması böyük əhəmiyyət kəsb edir, iki xalqın ümumi mentaliteti bizə qısa zamanda ümumi dil tapmağa və qarşılıqlı anlaşma əldə etməyə imkan verir”, - şirkətin kommersiya direktoru Dmitri Azarov bildirib.

"Botavikos” ("Ботавикос”) MMC-nin istehsal etdiyi kosmetik məhsulları Özbəkistana və Belarusa tədarük edilir. Moskva nümayəndə heyətinin digər iştirakçısı plastik qab-qacaq istehsalçısı olan "Profit House” ("Профит Хаус”) MMC-dir.

"Qaqarinskiye Manufakturı” ("Гагаринские Мануфактуры”) MMC dadlandırıcı qismində şəkərsiz, ballı sağlam şokolad məhsulunu təqdim edir: "Şokoladımız Rusiyadan kənarda artıq özünü doğruldub. Belarus, Qazaxıstan, Çin və Sinqapurda bu məhsula böyük tələbat var. Təmiz və dadlı qidalanma tendensiyası, ümumilikdə təbii məhsullara, xüsusən də bala olan daimi maraq Azərbaycanda da uğur qazanacağımıza əminlik yaradır. Biz məhsulumuzu məhsul matrisinin formalaşmasına cavabdeh olan tərəfdaşlara təqdim etmək və təbii ki, Azərbaycanda mağaza rəflərinə yol tapmaq istəyirik”, - şirkətin inkişaf üzrə direktoru Yekaterina Obıçayko deyib.

Biznes missiyası çərçivəsində Moskva İxrac Mərkəzi sahibkarlar üçün Azərbaycan Respublikasının işgüzar dairələrinin nümayəndələri ilə 150-yə yaxın görüş təşkil edir.


 

 

 
















OXŞAR XƏBƏRLƏR