Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşir – Ən uyğun ərazilər

Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşir – Ən uyğun ərazilər
SOSİAL
16:20 17.08.2026
215
Yeni tədris ili yaxınlaşdıqca Bakıda tələbələrin kirayə mənzil axtarışı da intensivləşir. Paytaxtda universitetlərə və metro stansiyalarına yaxın ərazilərə tələbat artarkən, qiymət baxımından daha münasib variantlar üçün tələbələr şəhər kənarına və nəqliyyat əlaqəsi əlverişli olan ərazilərə yönəlirlər. Ekspertlər bildirirlər ki, bu dövrdə düzgün ərazi seçimi həm aylıq kirayə xərcinə, həm də universitetə gündəlik gediş-gəlişə ciddi təsir edir. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc AZXEBER.COM-a bildirib ki, mənzil seçərkən tələbələr həm nəqliyyat əlçatanlığını, həm də onlar üçün tələb olunan minimum yaşayış şəraitini nəzərə alırlar:

"Mənzil seçərkən tələbələr həm nəqliyyat əlçatanlığını, həm də onlar üçün tələb olunan minimum yaşayış şəraitini nəzərə alırlar. Yəni mətbəxin müəyyən alətlərlə təmin olunması, sanitariya qovşağının istifadəyə yararlı olması, təhsil aldıqları universitetə və ya müəssisəyə məsafənin kifayət qədər qısa olması, yaxud da nəqliyyat əlçatanlığının ümumi vaxt baxımından səmərəli və əlverişli olması kimi amilləri nəzərə alaraq seçim edirlər. Bu amillərin içərisində isə ən önəmlisi kirayə qiymətləridir.  Hazırda kirayə qiymətlərinin yüksəlməsi tələbələrin və onların valideynlərinin kirayə mənzil bazarına müraciət etdikdə çox böyük problemlərlə üzləşməsinə səbəb olur. Bir neçə tələbənin birlikdə mənzil kirayəsi ilə bağlı qərar qəbul etməsi faktları ilə qarşılaşırıq. Bu da təbii ki, qiymət əlçatanlığı baxımından düşünülmüş yeni bir formadır. Bildiyiniz kimi, yataqxanalar hazırda demək olar ki, fəaliyyətsizdir. Bir çox yataqxanalar sökülüb, digərləri isə ümumi tələbələrin yalnız müəyyən faizinin tələbatını ödəmək imkanındadır. Hər il tələbələrin bir çoxu, xüsusilə Bakı şəhərində təhsil almaq üçün kirayə mənzil bazarına müraciət edirlər. Belə bir halda mövsümi olaraq, avqust və sentyabr aylarında kirayə qiymət artımı ilə daşınmaz əmlak bazarının kirayə seqmenti qarşılaşır. Ərazi olaraq ümumiyyətlə götürdükdə, Yasamal rayonunu, 20 Yanvar metrosunun ətrafını, İnşaatçılar metrosu və ətrafını, Memar Əcəmi, Xalqlar Dostluğu, Nəriman Nərimanov metrosu ətraflarını, Gənclik metrosunun ətrafını qeyd edə bilərik. Bu ərazilər nəqliyyat əlçatanlığı baxımından təhsil müəssisələrinə daha uyğundur”.

O qeyd edib ki, burada əsas mənzil qiymətlərinin normal olmasıdır:

"Amma nəzərə alsaq ki, əsas prioritet qiymətdir. Qiymətin daha az olmasını təbii ki, tələbələr arzu edir və onların valideynləri də bunu istəyir. Belə olan halda daha mütəmadi işləyən və müəyyən sistemli vaxt ərzində təhsil müəssisəsinə tələbələri çatdıra bilən nəqliyyat imkanlarına malik ərazilər alternativ olaraq göstərilə bilər. Bu yaxınlarda bir neçə metro stansiyasında müvəqqəti olaraq xətlərin ayrılması həyata keçirilir ki, bu da əlavə problemlərin meydana gəlməsinə səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, tələbələr alternativ yaşayış məkanlarının axtarılması və nəqliyyat əlçatanlığı baxımından həmin ərazilərdə mənzillərin seçilməsi ilə bağlı qərarlar verə bilərlər”.

O deyib ki, yeni yataqxanaların inşası vacibdir:

"Amma bütün variantlarda qiymətlərin yüksələcəyi və qiymət artımının tələbələr üçün təkbaşına mənzil kirayə etmək istiqamətində əlçatanlığın məhdudlaşması ilə nəticələnəcək. Düşünürəm ki, bu problemlərin aradan qaldırılması üçün yaxın müddət ərzində müəssisələrin öz büdcələri və yaxud da müxtəlif dövlət büdcələri hesabına yeni yataqxanaların inşa edilməsi prosesinə start verilməlidir.
Əgər bu da mümkün deyilsə, təhsil müəssisələrinin şəhər kənarına çıxarılması və kampus formasında yenidən inşasını həyata keçirmək olar ki, tələbələr təhsil müəssisələrinə yaxın ərazilərdə həm dövlət hesabına, həm də öz hesablarına yaşayış imkanları əldə etsinlər. Türkiyə modeli bizim üçün nümunəvi ola bilər. 
Qiymət baxımından münasib ərazilər tapmaq çox çətindir. Çünki ən yaxşı variantda universitetlərin olduğu məkanda 500-600 civarında köhnə tikilidə bəlkə də mənzil tapmaq olar. Amma əsas məsələ mənzilin harada yerləşməsi yox, mənzildən təhsil müəssisəsinə olan yolun hansı nəqliyyat vasitəsi ilə və nə qədər müddətə qət edilməsidir. Çünki təqribən yarım saata qədər olan yol məqbul sayılır. Həmin yolun uzunluğu tələbələrin dərsə gecikməsinə səbəb olmasın, nəqliyyat yolunda problemlər yaşanmasın”.

"Həm mənzilin qiyməti, həm də nəqliyyat əlçatanlığı burada çox böyük önəm kəsb edir. Hər iki tələbin ödənildiyi ərazilər 20 Yanvar, Elmlər, İnşaatçılardır. Büdcə üçün uyğun olan ərazilər isə Əcəmi, Qarayev, Xalqlar kimi ərazilərdir. Təhsil müəssisələrindən uzaq olsalar da, nəqliyyat əlçatanlığı baxımından optimal ərazilərdir”,-deyə Vüqar Oruc bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR