Bakıda VII Avropa Film Festivalı keçiriləcək

Bakıda VII Avropa Film Festivalı keçiriləcək
SOSİAL
12:00 28.10.2016
1019

 

Noyabrın 3-dən 12-nə kimi Bakıda VII Avropa Film Festivalına start veriləcək. APA TV-nin xəbərinə görə, bununla bağlı bu gün "Park Cinema” da mətbuat konfransı təşkil olunub.

 

Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, builki festivalda 19 ölkənin istehsal etdiyi filmlər nümayiş olunacaq. Ekran əsərləri müxtəlif kateqoriyalara aiddir: dram, komediya, romantik və s. Bu filmlər Avropa mədəniyyətini fərqli tərəflərdən tanıdacaq. Filmlər orijinal dildə ingiliscə subtitrlərlə təqdim olunacaq. "Ekran əsərləri yenidir. Üstəlik, büdcə baxımından sıxıntı olduğundan, filmlərin Azərbaycan dilinə çevrilməsi mümkünsüz olub” - deyə o əlavə edib.

 

"Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib ki, festivalın proqramı artıq hazırdır. İlkin olaraq Yunanıstan və İspaniya istehsalı olan filmlər nümayiş olunacaq. Bu ölkələr ilk dəfə olaraq festivalda iştirak edirlər. Mətbuat konfransında adı çəkilən ölkələrin Azərbaycandakı nümayəndələri də iştirak edib. Onlar nümayiş olunacaq filmlər barədə ətraflı məlumat veriblər.

 

"Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib ki, Avstriya, Xorvatiya və Fransa da builki festivalda ilk dəfə təmsil olunacaq: "5 ölkənin nümayəndələri bu il Azərbaycanda, VII festivalda iştirak edəcəklər. İlk festivallarda Azərbaycan təqdim olunmamışdı. 3-cü festivaldan bu günə kimi Azərbaycan da təqdim olunur. Filmin prodüseri, direktoru, ssenari müəllifi də təqdim olunacaq. Hər filmin sonunda qeyd etdiyim nümayəndələrlə birgə müzakirə olacaq”.

 

Avropa VII film festivalında bədii və sənədli ekran əsərləri nümayiş olunacaq. Onlar arasında nüfuzlu kino mükafatlarına layiq görülmüş nümunələr də var. Azərbaycan istehsalı olan "Qırmızı bağ” dramı noyabrın 12-də nümayiş olunacaq.

 

Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard builki yenilik barədə də məlumat verib. Ötən il izləyicilər üçün esse müsabiqəsi təşkil olunmuşdu. Bu il isə media nümayəndələri də festival barədə təəssüratlarını hazırlayacaqları materiallarda bölüşə bilərlər. Qalib fevral ayında keçiriləcək Berlin Film Festivalına dəvətnamə qazanacaq: "İlk dəfə olaraq media üçün belə bir müsabiqə təşkil etmişik. Münsiflər heyətinə mən və Avropa İttifaqı Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Denis Daniilidis aiddir. Bu il Azərbaycanda multikulturalizm ilidir. Filmlərə yanaşma da bu baxımdan olacaq. Materialların qəbulu üçün son tarix 30 noyabrdır”.

 

Qeyd edək ki, proqrama daxil edilən filmlər festival filmləridir. 

 
OXŞAR XƏBƏRLƏR