Bakıdakı “Beşmərtəbə” lər söküləcək?

Bakıdakı	“Beşmərtəbə” lər söküləcək?
Bütün Xəbərlər
16:04 05.09.2011
3048
Bakıdakı bütün beşmərtəbəli binaları, həmçinin “Sovetski”, “Kubinka” deyilən ərazilərdəki evlərin sökülməsi məsələ gündəmdədir. “Beşmərtəbə” deyilən ərazinin də bütünlüklə söküləcəyi deyilir. Qeyd edək ki, beşmərtəbəli binaların istismar müddətinin 25 il olduğu və artıq ölkə ərazisində yerləşən belə binaların istismar müddəti bitdiyi deyilir. Artıq bir çox postsovet məkanında beşmərtəbəli binalar sökülərək yeniləri ilə əvəzlənib.Deyilənlərin nə dərəcədə real olduğunu öyrənmək üçün Azərbaycan Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevə müraciət etdik. C. Qocayev bildirdi ki, hər hansı binanın sökmək deyildiyi kimi asan məsələ deyil: “Binada baş verə bilən hər hansı bir qüsur, çatışmazlıq təmir vasitəsilə də aradan qaldırıla bilər. Hətta təbii fəlakət nəticəsində zədə alan binaların belə bərpası mümkündür. Ona görə də beşmərtəbələrin sökülməsi ilə bağlı deyilənlər qısa bir vaxt üçün real görünmür. Onu da nəzərə almaq lazımdır ki, həmin binalarda minlərlə insan yaşayır. Bu binaları birdən birə sökmək həmin insanlar üçün ciddi problemlərə səbəb ola bilər. Qeyd edim ki, bu binalar texniki cəhətdən çox dayanıqlıdır. Onlar sovet həyat tərzinə, normalara uyğun tikilib və paytaxtda baş verən zəlzələ zamanı belə onlara heç bir zərər toxunmadı. Binanın sökülməsi və ya təmir olunması ilə bağlı qərar isə onun əsaslı təhlilindən sonra verilir. Artıq Böyük Bakının Regional İnkişaf Planının konsepsiyası hazırlanıb. Plan təsdiqləndikdən sonra müzakirə olunacaq və onun əsasında Baş Plan işlənib təsdiqlənməlidir. Baş Planın təsdiqindən sonra müfəssəl planlaşdırma layihəsi hazırlanacaq. Ona görə də indidən binaların söküləcəyi ilə bağlı hər hansı bir məlumat vermək real deyil. “Beşmərtəbə” deyilən ərazinin isə yenidən qurulması nəzərdə tutulub. Dövlət Layihə İnstitutu artıq həmin ərazinin yenidən qurulması və abadlaşdırılması üzrə layihə hazırlayıb. Bu layihə çərçivəsində ərazi yenidən qurulacaq. “Sovetski” və "kubinka" da isə yaşamaq üçün artıq normal şərait yoxdur. Ona görə də həmin ərazilərin söküntüsü labüddür. Artıq «Sovetski» kimi tanınan ərazinin layihəsi üzərində iş gedir. Onun ardınca isə «Kubinka»da işlərə başlanacaq. Bu ərazilərdə də yeni yaşayış kompleksləri, parklar və sair yaradılacaq. Oradakı azmərtəbəli evlər söküləndən sonra onların yerində yeni yaşayış binaları ucaldılacaq”.
OXŞAR XƏBƏRLƏR