BAKIDAKI DÖNƏRXANALARIN ÇARXI YENƏ DÖNÜR

MARAQLI
08:21 05.01.2011
2799

Əhalinin kasıb təbəqəsinin, xüsusən də tələbələrin üz tutduğu dönərlərin restoranlardan yığışdırılması və dönərxanaların bağlanması məsələsi yenidən gündəmə gəlib. Standarta uyğun olmayan məkanda və köhnə aparatlarla bişirilən dönərin insana ziyanı hər kəsə məlumdur. Dönər bir sıra ölkələrdə, o cümlədən Türkiyədə məşhur yemək növüdür, lakin o ölkələrdə dönərə barmaqarası baxmır, onu kasıb təbəqənin yeməyi saymır, təmiz, keyfiyyətli ətdən hazırlanmasına və yaxşı bişirilməsinə ciddi fikir verirlər.

Azərbaycanda isə dönər daha çox fast-food (tezbazar başa gələn ayaqüstü yemək) sayılır. Bizim ölkədə küçələrdə, bazarlarda, harada gəldi fəaliyyət göstərən dönərxanalarda ət parçalarının tam bişirilmədən satılması bu obyektlərin başlıca problemlərindəndir. Mənşəyi bilinməyən ətin alaçiy satılmasına maşınların dudası-tüstüsü və natəmiz küçələrdən qalxan toz-torpaq da əlavə olunduqda bu təamın orqanizm üçün daha da təhlükəli olmasına şübhə yeri qalmır. Amma narahatlıq yalnız ətin açıq saxlanılması və yaxşı bişirilməməsi ilə bitmir, çox vaxt dönərin hansı ətdən hazırlanması da müəmmalı olaraq qalır.
Dönərxanaların bağlanması məsələsi yenidən gündəmə gəldiyi üçün dönər satışı ilə məşğul olan bir neçə obyektə baş çəkdik. “Antep” restoranlar şəbəkəsində dönər elektriklə bişirildiyi üçün restoran əməkdaşları bu qidanın təhlükəsiz olduğunu deyir: “Bir müddət əvvəl hər yerdə dönər qazda bişirilirdi, ona görə də orqanizm üçün təhlükəli idi. Hazırda qazla bişirilən dönər aparatları yığışdırılıb, ona görə də bizim satdığımız dönərlər təhlükəsizdir. Dönər bişirdiyimiz aparatın qiyməti 900 manatdır, ət də ən yaxşı yerdən alınır, təmizliyinə təminat veririk. Bizim restoranda ətin zərərli olması ilə bağlı heç bir göstərici yoxdur, kim istəsə, yoxlaya bilər”.
“Neftçilər” metrosu yaxınlığında yerləşən dönərxanalarda antisanitariya vəziyyəti hökm sürsə də satıcılar dönərin heç bir zərərinin olmadığını deyir. Dönərxananın hər tərəfi açıq olduğundan yerdən qalxan zir-zibil və toz özünə ətin üzərində “yuva qurur”, dönər hazırlayanlar isə dediklərini inadla təkrarlayır, hətta “elmi əsaslandırma” da tapırlar: “Biz dönəri elektrik sobasında bişirdiyimiz üçün onlar orqanizm üçün zərərsizdir. Ətrafdakı toz-torpağa gəlincə isə ət yüksək temperaturda bişdiyi üçün onun üzərinə qonan bütün mikroblar ölür, ona görə də heç bir narahatçılıq yoxdu. Bizim satdığımız toyuq dönərinin heç bir qorxusu yoxdur, çünki ət dönərində hansı ətdən istifadə olunduğu bilinmir, həm də gec bişir, çox vaxt çiy qalır. Amma toyuq dönəri kifayət qədər təmiz olur və tez bişir”.
“Türkoğlu” restoranında hazırlanan dönər isə közdə bişirilir. Restoranın müdiri deyir ki, közdə bişirilən dönər zərərsizdir: “Qazda bişirilən dönər orqanizm üçün zərərlidir, çünki ət təmiz bişmir. Közdə bişirilən dönər isə təmiz olur. Evdə də kababı közdə bişiririk, heç bir zərəri olmur”.
Dönərxanalardan dönər alan şəhər sakinləri ilə də söhbət etdik. Müştərilər deyir ki, onlar da dönərin zərəri haqda yetərincə məlumatlıdır, amma dönər ucuz və tez başa gələn yemək olduğu üçün onu daha çox alırlar: “Dönəri hər yerdə 1 manat 20 qəpiyə satırlar, istənilər yerdə alıb yemək mümkündür. Bilirik ki, dönər çox zərərlidir, onun hansı ətdən hazırlandığı məlum deyil. Restoranda oturub ev yeməyi yemək baha başa gəlir, azı 10-12 manat ödəməlisən. Həm də restoranda oturmaq vaxt tələb edir. Bizim də nə çox pulumuz, nə də vaxtımız olmadığı üçün dönər yeməyə məcbur oluruq”.
Qeyd edək ki, keçən ilin əvvəllərində də dönərxanaların bağlanması haqda Səhiyyə Nazirliyi tərəfindən göstəriş verilmişdi. Nəticədə 120 dönərxana bağlanmış, 30 obyekt isə cərimə olunmuşdu. Görək bu il necə olacaq...

//musavat.com

 

OXŞAR XƏBƏRLƏR