Bakının bitməyən problemi: 'Parkovka'

İQTİSADİYYAT
14:30 06.09.2013
3746

Bakıda nəqliyyatla bağlı yaşanan başlıca problemlərdən biri “parkovka” ilə bağlıdır.

Paytaxtda avtomobillərin çoxluğundan başqa, həm də dayanacaqların azlığı bu problemi qabardır. Lakin insafən son illərdə yeni avtomobil dayanacaqlarının istifadəyə verilməsini qeyd etmək lazımdır. Son olaraq Qış bulvarının altında yerləşən dayanacağı, Nizami muzeyinin yanında tikilən və hələ istifadəyə verilməyən çoxmərtəbəli parkinq mərkəzini qeyd etmək olar.

Şübhəsiz ki, yeni avtodayanacaqların istifadəyə verilməsi müsbət haldır. Buna baxmayaraq, sürücülər heç də bütün hallarda bu dayanacaqlardan istifadə etmirlər. Bakı küçələrinin sağalmaz yarası olan tıxac problemini yaradan əsas səbəblərdən biri də sürücülərin küçələri “parkovka” yerinə çevirməsidir. Bəzən hətta bir avtomobilin zorla keçdiyi küçələrdə belə park edilmiş maşınlar hərəkətin məhdudlaşmasına səbəb olur.

Qeyd etdiyimiz xoşagəlməz halın qarşısını almaq üçün bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb. 

Məktubda qeyd olunub ki, şəhərin mərkəzi küçələrində parklanma və durma qəti qadağandır. Qeyd olunan ərazilərdə bununla bağlı müvafiq yol nişanları da quraşdırılıb.Bunlara Neftçilər, Rəşid Behbudov, Azadlıq, Azərbaycan prospektləri və G.Səfərəliyeva, Üzeyir Hacıbəyov, İstiqlaliyyət, Əziz Əliyev, Ə.Cavad, 28 May, Bülbül, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Füzuli, Nizami küçələri və "Nizami" metro stansiyasının qarşısında yerləşən Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsindən Ə.Hüseynzadə küçəsinə qədər olan hissə, Hökumət Evinin ətrafı, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Xaqani adına bağın ətrafı (keçmiş "9 Yanvar" bağı) və mərkəzdə yerləşən digər küçələr aiddir. Sadalanan ərazilərdə maşın park edildikdə onlar evakuatorlar vasitəsilə təxliyyə olunurlar. Nəqliyyat vasitəsinin təxliyyəsi mümkün olmadıqda, onların fotoşəkli çəkilir və mərkəzi informasiya sisteminin məlumatı əsasında yerindəcə protokol tərtib edilir. Prokotokolun bir nüsxəsi avtomobilin ön şüşəsinə vurulur, digər nüsxəsi barəsində protokol tərtib olunmuş şəxsin yaşayış üzrə qeydiyyatda olduğu ünvana göndərilir.

Lakin bu tədbirlər daha çox şəhərin mərkəzi küçələrdində problemin qismən aradan qaldırılmasına yardım edir. Digər ərazilərdə isə qanunsuz yerlərdə park edilən maşınlara demək olar ki, hər addımda rast gəlmək mümkündür. Misal olaraq Babək prospekti, Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsinin adını çəkmək olar.

Avtomobillərin uyğunsuz yerlərdə park edilməsinin daha bir səbəbi dayanacaqlarda qiymətlərin yüksək olmasıdır. Mərkəzi Park Avtodayanacağı, yəni Qış bulvarının altındakı avtomobil dayanacağında 1 saatlıq parkinq qiyməti 50 qəpikdir. "Park Bulvar"ın yeraltı dayanacağında 1 saat 1 AZN, "Nizami" metro stansiyası tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacağın 6 saatı 1 AZN, "Park Center" ticarət mərkəzindəki avtomobil dayanacağının 1 saatı 1 AZN-dir.

Mövzu ilə bağlı kiçik sorğu apardıq. Sorğunun nəticələrinə görə, parkinq problemi olan sürücülərin böyük əksəriyyəti qiymətlərdən şikayətçidir (63 %). Respondentlərin 24 %-i isə dayanacaqlar iş yerlərindən çox uzaqda olmasından gileylənir. Ümumilikdə sorğuda iştirak edənlər arasında yeni avtodayanacaqların əlverişsiz olduğunu düşünənlər üstünlük təşkil edir – 57 %.

Ceyhun

OXŞAR XƏBƏRLƏR