Bakının yağış dərdi: "Paytaxtda sistem ciddi yenilənməlidir"

Bakının yağış dərdi: "Paytaxtda sistem ciddi yenilənməlidir"
SOSİAL
15:53 13.01.2026
498
 
Xəbər verdiyimiz kimi, yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib.

Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə olunmasına ciddi ehtiyac var:

"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə olunmasına ciddi ehtiyac var. Bir tərəfdən şəhərlərin əhalisi iki dəfədən çox artıb, digər tərəfdən isə intensiv yağışlar zamanı Bakı və Abşeron yarımadasında ciddi fəsadlar yaranır və bu, insanların narahatlığına səbəb olur. Ümumilikdə, Dövlət Proqramında Bakı şəhərinin 30 küçəsində su-kanalizasiya və yağış sularının idarə olunması sisteminin yenidən qurulmasının nəzərdə tutulması olduqca təqdirəlayiq addımdır. Son illər paytaxtın yolları yenidən qurularkən əvvəlki planlama əsasında inşa edilmiş drenaj-kollektor şəbəkələrinin bir hissəsi asfaltlanaraq bağlanıb. Nəticədə yağışlı hava şəraitində suların müəyyən hissəsi kanalizasiya şəbəkəsinə yönlənsə də, digər hissəsi iri gölməçələr əmələ gətirir və bu da yolların bəzi hissələrini keçilməz vəziyyətə salır. Bu hal, eyni zamanda, yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olur”.

Deputat qeyd edib ki, hazırda paytaxtda və digər ərazilərdə suyun verilməsində tez-tez fasilələr yaşanır:

"Şəhərdə müasir drenaj-kollektor şəbəkəsinin tikilməsi yağış və qar sularının xüsusi anbarlarda toplanaraq texniki məqsədlər üçün istifadəsinə imkan yarada bilər. Bu isə içməli suya qənaət edilməsinə şərait yaradacaq. Hazırda paytaxtda və digər ərazilərdə suyun verilməsində tez-tez fasilələr yaşanır ki, bu da mövcud infrastrukturun bu qədər yüklənmə üçün nəzərdə tutulmaması ilə bağlıdır. Dövlət Proqramında nəzərdə tutulan su-kanalizasiya şəbəkəsinin genişləndirilməsi və dəniz suyunun duzsuzlaşdırılması layihələri Bakı şəhəri və Abşeron yarımadasında əhalinin su təchizatı xidmətləri ilə təminatının 100 faizə qədər yüksəldilməsinə imkan verəcək. Bu baxımdan proqramın hazırlanmasını və konkret hədəflərin müəyyən edilməsini çox vacib və müsbət addımdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR