AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, Bakının Binəqədi rayonu, Baksol yolu ərazisində ötən gecə baş verən yanğın hadisəsindən sonra geriyə qalan mənzərə belədir.
Kimisi kifayət qədər geniş ərazini əhatə edən bu həyətdə mebel sexinin fəaliyyət göstərdiyini, kimisi isə burada müxtəlif istiqamətli məişət avadanlıqlarının istehsal olunduğunu bildirsə də, ərazidə olan şəxslər kameramızdan yayındılar. Sexə məsul əməkdaşlar isə hasardan aşaraq suallarımızı cavablandırmaqdan imtina etdilər.
Yanan sexə bitişik ərazidə fəaliyyət göstərən dayanacaq gözətçisi isə müəssisənin işlək sex deyil, anbar kimi fəaliyyət göstərdiyini qeyd etdi.
Təxminən bir saat gözlədikdən sonra sexin sahibi əraziyə gəlsə də, o, nə dəyən ziyanla bağlı açıqlama verdi, nə də yanğının səbəbləri barədə danışdı. Sahibkar yalnız müvafiq qurumların araşdırmasından sonra dəqiq məlumat verəcəyini bildirib.










































