Bal yarmarkasında qiymətlər necədir? - REPORTAJ + FOTOLAR

Bal yarmarkasında qiymətlər necədir? - REPORTAJ + FOTOLAR
SOSİAL
16:48 02.10.2019
5692
Yəqin ki, balın qiymətindən və keyfiyyətindən şikayət edən insanlarla siz də qarşılaşmısınız. Onlar yüksək keyfiyyətli bal tapmaqda çətinlik çəkdiklərini, tapanda isə qiymətdən razı qalmadıqlarını deyirlər. Ancaq sevindirici haldır ki, bir neçə gündür paytaxtımızda keyfiyyətli  arıçılıq məhsullarının münasib qiymətlərlə satıldığı Bal yarmarkası təşkil olunub.
 
AZXEBER.COM olaraq Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilən yarmarkanı biz də ziyarət etdik.

Yarmarkada diqqətimizi çəkən ilk şey təşkilatçılığın yüksək səviyyədə olması idi. Satıcılarla apardığımız söhbətlərdə də onlar bu nüansı xüsusi ilə qeyd etdilər. Astara rayon Miki kəndi sakini Qəhrəman İbrahimov yarmarkanın keçirildiyi 20 il ərzində bu cür təşkilatçılığın olmadığını deyir:

"Yarmarkaya 400 kq bal çıxarmışam, ümumilikdə isə 120 arı ailəm var. Təşkilatçılıqdan çox razıyam. Bu il xeyli yenilik var. Əvvəlki illərdə məhsulların daşınmasını özümüz təşkil edirdik. İndi isə hər şeyi "Aqrar Tədarük və Təchizat" idarəsinin əməkdaşları edirlər. Bizə də ancaq məhsullarımızı satmaq qalır. Mən alıcılara tövsiyə edərdim ki, yarmarka ərazisindən kənarda bal almasınlar. Bizim ballar laboratoriya yoxlanışından keçirilib. Həmçinin istərdim ki, ölkəmizin digər böyük şəhərlərində də Bal yarmarkaları təşkil olunsun və xaricdən ölkəmizə bal gətirilməsi məhdudlaşdırılsın. Çünki yerli arıçılarımızın balı kifayət qədər boldur".

Digər bir satıcı isə Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Rəfiqə Allahverdiyevadır. O, yarmarkada üç növ bal satdığını deyir:
"Yarmarkada həyat yoldaşımla birgə iştirak edirəm. Dağ, meşə və may ballarımız var. Ümumilikdə satışa 250 kq bal çıxarmışıq.  Qiymətlərimiz də münasibdi. May balının 1 kq-nı 30 manata, digərlərini isə 25 manata təklif edirik. Yarmarkada iştirak etmək yeni müştərilərlə tanış olmaq üçün yaxşıdır. Müstərilərin sayından da razıyam. Amma daha da çox alıcı olmasını istəyərdim"

Yarmarkadan razılığını bildirənlər tək satıcılar deyil. Alıcılar da balların keyfiyyətindən və qiymətlərdən razıdırlar. Zeynəb Əliyeva yarmarkanın keçirilməsindən qonşusu vasitəsi ilə xəbər tutub:

"Dünən qonşum burdan bal alıb, mənə də məsləhət gördü. Biz alıcılar üçün əsas şey balın keyfiyyətidir. Mən də maraqlanıb öyrəndim ki, yarmarkada satılan ballar laboratoriyada yoxlanılıb. Müxtəlif balların dadına baxdıqdan sonra isə dağ-çəmən balı aldım".

Digər bir alıcı Cahangir Zeynallı isə nəvəsi üçün bal aldığını söylədi"

"Nəvəm balı çox sevir. Mən də yarmarkaya onun üçün bal almağa gəlmişəm. Qiymətlər münasib, çeşid çoxdu. Meşə balı aldım. Dadı çox xoşuma gəldi, ümid edirəm nəvəmin də xoşuna gələcək".

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Bal yarmarkası 18 oktyabra tarixinə qədər davam edəcək.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR