Baloğlan Əşrəfov: “Toğrulun qələbəsinə hönkürtü ilə ağladım”
İDMAN
16:41 13.08.2012
2039
Londonda keçirilən XXX Olimpiada başa çatdı. Budəfəki yarışda 53 idmançı ilə iştirak edən komandamızın müstəqillik dövrünün ən uğurlu Olimpiadasına imza atdı. İdmançılarımız London-2012-də 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 10 medal qazandılar. ANS PRESS ölkənin tanınmış şəxslərinin Olimpiadada idmançılarımızın göstərdikləri nəticələrlə bağlı fikirlərini təqdim edir: “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Mən London-2012-də idmançılarımızın iştirakını izlədim. Mənim üçün bizim həm güləşçilər, həm boksçuların döyüşləri maraq doğurdu. Hesab edirəm ki, daha çox uğur qazana bilərdik. Xüsusən boksçularımızda belə imkan vardı. Olimpiyadanın son günlərində bizim qızıl medal alan güləşçilərimizin döyüşləri ilə qürur duydum. Xüsusən son illər belə qələbələr Qarabağ müharibəsində məğlubiyyət kompleksi olan Azərbaycan xalqı üçün çox vacibdir. Belə qələbələr özünə güvəni, özünə inamı yaratmaq üçün bizə çox faydalıdır”. Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyev: “Uğurlarımız göz qabağındadır. 10 medal qazanmaq kiçik bir ölkə üçün böyük bir qəhrəmanlıqdır. Əsasən də güləşçilərimiz həqiqətən də sübut etdilər ki, bu idman Azərbaycanda ənənəsi olan idman növüdür”. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vaqif Əliyev: “Hər dəfə olduğu kimi bu Olimpiya oyunlarında da idmançılarımız yaxşı nəticələr göstərdilər. Xüsusən güləşçilərimizin qazandığı uğurlar təqdirəlayiq nəticədir. 2 qızıl, 2 gümüş, 6 bürünc, ümumilikdə 10 medalla ölkəmizin 205 dövlət arasında 30-cu olması Azərbaycan üçün əla nəticədir. Bütün bu məsələlərdə sözsüz ki, dövlət başçısı, Milli Olimpia Komitəsinin prezidenti cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki onun birbaşa idmana rəhbərliyi Azərbaycanı dünya ölkələri arasında, Olimpiya hərəkatında uğur qazanmasına səbəb olub. Ümid edirik ki, növbəti Olimpia oyunlarında, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində daha yaxşı uğur qazanacağıq və medallarımızın da sayı daha çox olacaq. Çox arzu edərdik ki, bizim voleybolçu qızlarımız da Olimpiya oyunlarında iştirak etsinlər. Bundan ötrü federasiyanın rəhbərliyi artıq indidən komandalar qarşısında bu məqsədi qoyub. Çalışıcağıq ki, növbəti olimpiya oyunlarında Azərbaycanı voleybolçu qızlarımız da təmsil etsinlər”. Millət vəkili Aydın Mirzəzadə: “Ümumilikdə həm oyunlara hazırlığı, həm də idmançıların çıxışlarını müsbət qiymətləndirirəm. Azərbaycan idmanı beynəlxalq aləmdə reytinqini itirmədi. Azərbaycan özü üçün qeyri-ənənəvi idman növlərində də artıq müəyyən nəticələr əldə edə bilib. Hər Olimpiadadan Olimpiadaya medallarımızın sayının artması, yeni idman qəhrəmanlarımızın ortaya çıxması əlbəttə bizi çox sevindirir. Bu Azərbaycanda dövlət tərəfindən idmana, Olimpiya hərəkatına böyük qayğının nəticəsidir”. Müğənni Baloğlan Əşrəfov: “Əvvəldən axıra kimi idmançılarımızın çıxışlarını izlədim. İdmançılarımız uduzan zaman çox dilxor olurdum. Yaxşı ki, axıra yaxın bizim Toğrul Əliyev, istər Şərif Şərifov qızıl medal qazanmaqla dünyaya sübut etdilər ki, Azərbaycanın da gözəl idmançıları var. Təbii ki, mən idmançılarımızın qələbəsinə sevinir, uğursuzluqlarına kədərlənirəm. Lakin Toğrulun qələbəsinə hönkürtü ilə ağladım. Evdə də buna bir az narahat oldular. Əlbəttə kədərdən əlavə sevinc göz yaşları da var. Toğrulun qələbəsinə sevincimdən özümü saxlaya bilmədim. Gümüş və bürünc medal alan idmançılarımıza da Allah can sağlığı versin. Onların hamısı Azərbaycan bayrağının dalğalanmasında böyük rol oynadı. Politoloq Rasim Ağayev: “Olimpiya Oyunlarında medal qazanmaqla yanaşı iştirak da vacibdir. Olimpiadada bu cür təmsil olunmaq isə böyük uğurdur. Ümid edirəm ki, növbəti yarışlarda biz daha yaxşı nəticələr əldə edəcəyik”.