“Barak Obamanın İlham Əliyevə məktubunda regional sabitlik barədə vurğulaması təsadüf deyil” - Asim Mollazadə

SİYASƏT
12:36 08.11.2013
1301

ABŞ lideri Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda ikitərəfli əlaqələrin regional sabitliyə mühüm töhfələr verdiyi qeyd olunub.

Bu məqamla bağlı AZXEBER.COM-a açıqlama verən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə ABŞ prezidentinin qeyd olunan məktubunda bu məqamın önə çəkilməsinin təsadüfi olmadığını deyib:“ABŞ prezidenti ikitərəfli əlaqələrin regional sabitliyə töhfəsini qeyd edərkən, böyük ehtimalla, ilk növbədə Azərbaycanın Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması siyasətinə sadiqliyini nəzərdə tutub.Barak Obama bu məqamı vurğulamaqla, münaqişənin danışıqlar yolu ilə tezliklə aradan qaldırılmasının regionda sabitliyin bərqərar edilməsinə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.Bundan başqa, bilirsiniz ki, Azərbaycan təhlükəsizlik və antiterror mübarizəsində ABŞ-ın ən etibarlı tərəfdaşlarından biridir.Azərbaycan öz hərbçilərini beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstana göndərməklə, qlobal təhlükəsizliyin təmin olunması prosesində fəal iştirak edir. Eyni zamanda, Azərbaycan ABŞ-ın İraq və Əfqanıstanla bağlı fəaliyyətində kommunikasiya baxımından da mühüm əhəmiyyətə malikdir.Ona görə də, Barak Obamanın məktubunda bu məqamların qeyd olunması Azərbaycanın etibarlı tərəfdaş olmasının etirafı kimi qiymətləndirilməlidir”.

OXŞAR XƏBƏRLƏR