"Barmağını amputasiya etdiyimiz əsgər təkidlə döyüşə qayıtdı"- Əsgərlərə tibbi yardım edən cərrah

"Barmağını amputasiya etdiyimiz əsgər təkidlə döyüşə qayıtdı"- Əsgərlərə tibbi yardım edən cərrah
SOSİAL
13:00 01.12.2022
657
 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin həyata keçirdiyi "Tarix yazanlar" layihəsi Vəyən Müharibəsində cərrah Vüsal Qəzənfəroğluna həsr edilir.

Vətən Müharibəsinə getmək qərarına necə gəldiniz?

Vətən Müharibəsi başlayan vaxt mən özəl klinikaların birində cərrahi müdaxilədə idim. Daha sonra rəhbərlik və regionlarda çalışan yoldaşlarımızın təklifi ilə 28 sentyabrdan cəbhə bölgəsinə yollandım. İlk olaraq Beyləqan və İmişlidə yaralanan əsgərlərimizə tibbi yardım göstərdik. 28 sentyabrdan etibarən isə müharibə şəraitində xidmət etmişik.
 
Müharibə vaxtı neçə cərrahi əməliyyat icra etdiniz?

O müddət ərzində 5-6 cərrahi əməliyyat icra etdik. Bu, Bakıda olan cərrahi müdaxilə ilə müqayisədə çətin idi. Müharibə şəraitində olan əməliyyatlarda işin riski bizim işimizin məsuliyyətini birə-beş artırırdı. Şükürlər olsun ki, icra etdiyimiz 5 əməliyyatın hamısı uğurla nəticələndi. İlkin yardımdan sonra əməliyyatını icra etdiyimiz şəxslərin hər birini ikincili olaraq Kliniki Tibbi Mərkəzə yerləşdirdik, reablitasiyaları ilə məşğul olduq.
 
Əməliyyat etdiyiniz hərbçi və ya əsgərlərlə əlaqəniz var?

Bəli, əməliyyatını etdiyimiz şəxslərin bir neçəsi ilə bu günə qədər əlaqələrimiz var. Biz indi onlarla xəstə-həkim münasibəti deyil, dost münasibətindəyik.
 
Müharibə bölgəsində işləyəcəyinizi ailəniz bilirdi?
 
Cəbhə bölgəsinə getməmişdən əvvəl ailəmə bu haqda məlumat verməmişdim. Xəstələrimizin çox və onların vəziyyətlərinin ağır olduğunu deyib, xəstəxanada bir neçə növbəmiz olacağı haqda məlumat vermişdim. Əlaqə saxlaya bilməyib, növbələrə çıxa biləcəyimi demişdim. Cəbhə bölgəsində olanda artıq xəbər tutdular ki, Beyləqan-İmişli bölgəsindəyəm. Düzdür, evdəkilərin məlumatının olmaması narahatlıq və narazılıq yaratsa da, ancaq düşünürdüm ki, mən orada olmalıyam. Orada olmağımın əsas səbəbi gələcək zamanda övladlarımın və ətrafımdakıların məndən 27 sentyabr tarixində harda idin sualına cavab olaraq "Vətənimin xidmətində idim" deyə bilməyim idi.
 
Region xəstəxanalarında hansı çətinliklə rastlaşdınız?

Əməliyyat etmək üçün regionda olan xəstəxanalar TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən yetərli vasitələrin hər biri ilə təmin edilmişdi. İstər-istəməz regionda olan tibbi heyətlə, Bakıda olan tibbi heyət müqayisə olunası durumda deyil. Öyrəşdiyimiz mühitdə işləmək daha komfortludur, ancaq başqa müəssisədə işləmək narahatlıq yaradır. Ancaq ümumi desək, sıxıntımız olmadı. 
 
Sizə müraciət edən yaralılardan şəhid olan oldumu?

Xəstəxanaya müraciət edən əsgərlərimizdən şükürlər olsun ki, şəhid olan olmadı. Bir qədər durumlarında pisləşmə olan xəstələr oldu ki, onlara da ilkin tibbi yardım edib, daha sonra Bakı şəhərinə göndərdik. Beyləqanın atəşə tutulması nəticəsində mülki əhalidən 3 nəfər xəstəxanaya yaralı daxil olmuşdu, ancaq onlar xəstəxanaya daxil olarkən artıq həyatlarını itirmişdilər. Bizi orada olduğumuz müddətdə əsgərlərimizdən rəhmətə gedən olmadı.
 
Müharibə dönəmində hansı yadda qalan hadisə olub?

Müharibə dönəmində ən çox yadımızda qalan Qəbələ rayonundan 18 yaşlı əsgərimiz oldu. Səhv etmirəsə, adı Cavid idi. Onun sol əlinin 5-ci barmağı tam amputasiya olunmuşdu. Biz reabilitasiya üçün onu Bakıya göndərib, saxlamaq imkanımızın olmasına baxmayaraq, o ilkin yardımdan və şiddətli ağrılardan sonra  cəbhəyə dönmək istədiyini təkid ilə deyirdi. Sonda məcbur qalıb Müdafiə Nazirliyinin əməkdaşlarını xəstəxanaya dəvət edib, xəstəni onlara təhvil verdik.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR