Baş həkimin evini yardılar: ov tüfəngini apardılar

Baş həkimin evini yardılar: ov tüfəngini apardılar
SOSİAL
14:00 31.07.2017
1620
Sumqayıtda mənzillərdən birində oğurluq hadisəsi baş verib.
 
Hadisə şəhərin 18-ci mikrorayon, ev 25v, mənzil 30-da qeydə alınıb.

Əldə etdiyimiz bilgiyə görə, evi talan edilən Sumqayıt şəhər Vərəm Əleyhinə Dispanserin baş həkimi Asif Quliyev olub.

Oğurluq zamanı baş həkimin ailəsi evdə olmayıb. Həmin gün ailə toyda idi. Mənzili qarət etməyə gələnlər kitablara qədər hər əşyanı ələk-vələk ediblər. Baş həkim olduğundan oğrular onun evində qızıl və ya çoxlu pul olacağını düşünüblər.

Evdə qiymətli əşya tapmayan oğrular Asif Quliyevin mənzilinin altını-üstünə çeviriblər və ov tüfəngini aparıblar.

Məsələni dəqiqləşdirmək üçün xeberle.com olaraq Vərəm Əleyhinə Dispanserin baş həkimi Asif Quliyevlə əlaqə saxladıq. A.Quliyev saytımıza faktı təsdiqlədi və mənzilindən oğurluq edildiyini dedi: "Mənzilimə oğurluğa gələnlər eyvanın dəmir barmaqlıqlarını kəsərək içəri giriblər. Evi alt-üst etdikdən sonra dəyərli bir şey tapmadıqlarına görə, ov tüfəngini oğurlayıb aparıblar. Hadisə ilə bağlı dərhal polisə məlumat verdim."

Faktla bağlı Sumqayıt polisi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, son zamanlar 18-ci mikrorayon ərazisində oğurluq halları çoxalıb. Xüsusən də oğrular hədəf kimi aşağı mərtəbədə olan mənzilləri seçiblər.

Son 15 gündə bu, sözügedən mikrorayonda sayca ikinci oğurluq hadisəsidir.
 
///xeberle.com
OXŞAR XƏBƏRLƏR