Baş nazirin yeni müavini Teymur Musayev kimdir? - DOSYE

Baş nazirin yeni müavini Teymur Musayev kimdir? - DOSYE
SİYASƏT
11:30 19.10.2026
294
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

AZXEBER.COM Teymur Musayevin dosyesini təqdim edir:

Teymur Yusif oğlu Musayev 1970-ci il sentyabrın 16-da Bakı şəhərində anadan olub.

O, 1977-1981-ci illərdə Əlcəzairdə, 1981-1987-ci illərdə isə Bakı şəhərində orta təhsil alıb.

1987-ci ildə Azərbaycan Tibb İnstitutuna qəbul olub və 1993-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, 2001-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini alıb.

2003-2004-cü illərdə Fransanın Strasburq Universitetində laparoskopik cərrahiyyə üzrə təhsil alıb.

2013-2015-ci illərdə Latviyada RISEBA və Riqa Stradins Universitetinin birgə magistratura proqramını bitirərək səhiyyə menecmenti üzrə magistr dərəcəsi qazanıb.

Əmək fəaliyyətinə 1994-cü ildə Bakı şəhərindəki 16 saylı poliklinikada həkim-uroloq kimi başlayıb.

1997-2001-ci illərdə özəl klinikada tibbi direktor və həkim-uroloq, 2001-2003-cü illərdə isə Azərbaycanın İlk Reproduktiv Sağlamlıq Proqramının direktor müavini vəzifəsində çalışıb.

2003-2016-cı illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-uroloq, şöbə müdiri, baş həkim və tibbi direktor vəzifələrində işləyib.

2016-2019-cu illərdə Qəbələdə yerləşən "Chenot Palace Gabala” kurortoloji mərkəzinin tibbi direktoru olub.

2020-ci ilin aprelindən 2021-ci ilin aprelinədək Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 23 aprel 2021-ci il tarixli sərəncamı ilə səhiyyə nazirinin birinci müavini təyin edilib. Eyni zamanda, səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası ona həvalə olunub.

19 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Teymur Musayev evlidir, iki övladı var.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR