Azərbaycanın Baş prokuroru Zakir Qaralov bir qrup Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfər etməsinə münasibət bildirib.
AZXEBER.COM Olke.az-a istinadən məlumatına görə, Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib ki, Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslərin hər biri barədə cinayət işi başladılacaq:
"Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa qanunsuz səfər edən bütün xarici ölkə vətəndaşları öz ölkələrində təqib ediləcək. Bu baxımdan Türkiyə vətəndaşlarının da Qarabağa qanunsuz səfər etməsi düzgün deyil. Onlar Azərbaycanın qanunlarının tələblərini kobud şəkildə pozublar. Hazırda Respublika Baş Prokurorluğu tərəfindən bu istiqamətdə istintaq işləri həyata keçirilir və müvafiq tədbirlər görülür”.
Xatırladaq ki, Dağlıq Qarabağa qanunsuz səfər etmiş Türkiyə vətəndaşları barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxs
lərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.
Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onu da bildirək ki, bu ilin fevral ayında Dağlıq Qarabağa qanunsuz səfər edən yəhudi bloger Aleksandr Lapşin Azərbaycan dövlətinin istəyi ilə Belarus Respublikasında həbs edilərək Bakıya gətirilmiş, bloger özü məhkəmə hökmü ilə 3 il həbs cəzasına məhkum edilmişdi. Yəni Azərbaycan dövləti onun işğal altındakı ərazilərinə qanunsuz səfər edən hər kəsə qarşı istisnasız olaraq sərt sanksiyalar tətbiq edir.