'Başımı qapına döyürəm, Sevinc' - KÖŞƏ

KÖŞƏ
13:43 13.11.2012
2486
Başımı qapına döyürəm, Sevinc,Nə evdən çıxırsan, nə də başımdan...Bu yazı deyil, dünyaya, qeyri-insaniliyə üsyandır. Hələ həyatın dadını bilməyən, gözünü bu dünyaya yeni açmış gənc qadınların- ata, qardaş, ər baltasına tuş gələn qadınların öldürülməsinə üsyandır. Öldürülən qadınların hamısı cəmiyyət üçün günahkardır. Cəmiyyətdə belə bir düşüncə var, günah öləndədir. Bəlkə doğrudan da elədir. Dözmək, sinəyə çəkmək, göz yummaq bizim qadınların məhvinin əsas səbəbidir. “Ərindir, qardaşındır, atandır”, döz! Öldürmək, qanını içmək, qadına mənəvi, fiziki terror etmək mənim yaşadığım məmləkətdə qeyrət göstəricisidir. Qadınına maksimum zülm verən ər, qızını hər kefinə düşəndə döyən ata, bacısını tülkü kimi güdən qardaş qeyrət dağarcığı simvoludur. Öldürən həmişə haqlıdır. Öldürülən isə istənilən halda günahkardır. Mütləq hansısa pis əməli edib ki, öldürülüb. İnsanın öz övladını, bir qarını paylaşdığı bacısını, bir yastığa baş qoyduğu arvadını öldürməyinə dünyada heç kim haqq qazandıra bilməz, buna heç bir don geyindirmək, malalamaq mümkün deyil.Bu yazı təəssüf yox, lənət yazısıdır. Qadına əl qaldıra bilən bütün kişilərə lənət arzusudur. Sən kişi deyilsən, adın dərd ola.Sən qız uşağısan, adın Sevincdi...Salam Sarvan düz deyir. Qız uşağının yalnız adı Sevincdir. Küçədə gəzin, baxın. Nə qədər qadının üzü, gözünün içi gülür? Nə qədər qadın daxilən xoşbəxtdir? Bu ölkədə qadın xoşbəxt deyil. Qadının bütün varlığı ilə xoşbəxt olması üçün beyninin, ruhunun özünə aid olması lazımdır. Bizim cəmiyyətimizdə isə qadının nəinki, ruhu heç bədəni də özünə aid deyil. Qadının bədəni haqda qərarı bütün cəmiyyət verir. Qadının cinsi orqanı onun atasına, qardaşına, ərinə, hətta qonşularına da aiddir. Onun cinsi orqanı haqda qərarı hamı verir. Evdə atası tərəfindən öldürülən jurnalist Sevinc Mənsimlini tanımırdım. Onu məhz bu xəbərlə tanıdığıma görə keçirdiyim hisslərin adı sarsıntıdır, daxili təlaşdır. Deyilənə görə, onun atası psixoloji problemi olan adam olub. Mən buna inanmıram. Çünki, il hələ bitməmiş evdə 30 qadın əri, qardaşı, atası tərəfindən öldürülüb. 38 qadın isə öldürülmək məqsədi ilə yaralanıb. Bu o deməkdir ki, 68 psixoloji problemi olan kişi əlini-qolunu sallayaraq cəmiyyətdə rahat gəzir. Əgər doğrudan da, qadınları öldürənlərin hamısı psixoloji problemi olanlardırsa, Səhiyyə Nazirliyi hara baxır? Bu inandırıcı deyil. 30 öldürülən, 38 yaralı qadının, görəsən, hansı “əxlaqsız” idi? Bu məntiqsizlik və təzadlarla hara gedib çıxırıq? Niyə vapmirləşirik? Niyə qadın qanına susayırıq? Bəs qadın müqəddəs idi? Bəs ana idi? Ayaqları altında tapdığınız cənnətinmi eyforiyası sizi vəhşi qaniçənə çevirdi? Mən yorğunam, çox yorğunam. Qadın ruhum çox yorğundur. Qadına qarşı terror, genosid ruhumu tiftik-tiftik edib. Biz qadınlar yıpranmışıq. Bilmirik, ruhumuzu, yoxsa bədənimizi müdafiə edək? Evdə öldürülən qadınların qatillərinin hamısı dəli ola bilməz. Onları yalnız bir dəyər, daha doğrusu bir dəyərsizlik birləşdirir: Bunun da adı şərəfsizlik, mənəviyyatsızlıqdır. Qadınların öldürülməsinə biganə qalan hamı bu ölümlərə göz yummuş, hətta dəstəkləmiş olur. Qadın qətllərinə biganə qalanların qatildən fərqi yoxdur. Sevinc bütün şəkillərində gülür. Mən yalnız şəkillərdə gülən qadınların cəmiyyətində yaşayıram. Onun da kədərli şəkli yoxdur. Yazını bitirə bilmirəm. Qadınlara qarşı zorakılıq dinməyənə qədər bu yazı heç bitməyəcək.Günay MuradlıPublika.az
OXŞAR XƏBƏRLƏR