Biz sözümüzü meydanda deyəcəyik. Səfərdə qələbə qazandıq, amma bu, artıq geridə qaldı. İlk matçda yaxşı oynamışdıq, indi də eyni tərzdə davam etmək istəyirik. Bilirlər ki, müdafiədə kompakt oynayıb, əks-hücumlarda onları narahat edə bilərik. Yaxşı nəticə əldə etmişik, zənnimcə, bu oyun da birincidən çox fərqli olmayacaq. Onlara hücum etmək lazımdı, bizə isə onları əks-hücumda yaxalamaq. Bu, bizim sevdiyimiz oyun tərzidi.
AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, bu sözlər Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində "Bavariya" ilə matç öncəsi UEFA-nın rəsmi saytına açıqlama verən "Real"ın müdafiəçisi Serxio Ramosa məxsusdu.
Kapitan ilk oyunda yaxşı nəticə əldə etmələrinə baxmayaraq, ehtiyatlı davranmalı olduqlarından danışıb: "Finalda oynamaqla mövsüm ərzində ortaya qoyduğumuz iradəni mükafatlandıra bilərik. Ümid edirəm ki, finala çıxacağıq. Bunu çox istəyirik. Yaxşı nəticə əldə etmişik, ancaq buna rəğmən, hesabın 0:0 olduğunu düşünməliyik. Almanlara qalib gəlib, mükafatımıza yenidən sahib çıxmaq istəyirik. Zidan əla məşqçidi, onunla birlikdə eyni gəmidə olmaqdan məmnunuq".
Ramos Daniel Karvaxalın yoxluğuna da toxunub.
"Məşqçi müdafiənin cinahı ilə bağlı qərar verməlidi. Karvaxal bizə kömək edə bilməyəcək, buna baxmayaraq, əla heyətimiz var, digərləri onun yerini doldura bilərlər. Ən azından, onlar əllərindən gələnin ən yaxşısını ortaya qoyacaqlar" - deyə, o əlavə edib.
Ramos "Santyaqo Bernabeu"dakı atmosferlə başa çıxmağın istənilən komanda üçün çətin olduğunu vurğulayıb: "Çərşənbə axşamı burada final atmosferi olacaq. Azarkeşlərimizin qarşısında oynamaq gözəldi. Onların dəstəyinə ehtiyacımız var. Bu mərhələyə qədər çatmağımıza yardımçı olublar, bundan sonra da onların sevgisinə möhtacıq. "Santyaqo Bernabeu"dakı təzyiqin öhdəsindən çox az komanda gələ bilər".
Qeyd edək ki, "Real" - "Bavariya" oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. İlk görüşdə Madrid klubu səfərdə 2:1 hesabı ilə qələbə qazanıb.