Nazir "mübarizə aparırıq" deyir, müəllim 5 min rüşvət istəyir - Təhsilimizdə korrupsiyaya necə qalib gələk?

Nazir "mübarizə aparırıq" deyir, müəllim 5 min rüşvət istəyir - Təhsilimizdə korrupsiyaya necə qalib gələk?
SOSİAL
13:46 22.06.2022
438

Son illər təhsil sahəsində xeyli islahatlar aparılıb. Müasir dövrdə cəmiyyətə ən lazımlı məfhumun təhsil olduğunu nəzərə alsaq, ölkəmizdə də bu sahənin inkişafını təmin etmək vacib olan amillərdən biridir.

Hələ uzaq keçmişə deyil, bu il ərzində təhsillə bağlı qərar, sərəncam, görülən işlər, əməkhaqqı artımları və s. diqqət yetirdikdə ölkəmizdə bu sahənin inkişafı üçün dövlət tərəfindən xeyli işlərin görüldüyünü demək mümkündür.

Bu sərəncamlar, statistikalar təhsil sahəsində görülən işlərin bariz nümunələridir. Amma həllin tapmayan və tapması müşkülə çevrilən bir problem hələ də qalır – təhsildə korrupsiya.

Məsələn, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməsi iddiaları ilə bağlı məlumatlar yayıldı. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildirdilər ki, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib. Hətta tələbələr müəllimin səs yazısını da yayıb və iddia ediblər ki, tələbələr imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələnin həlli yolu tapılacaq. Çox keçmədi ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova haqqında qərar verildi və o işdən çıxarıldı.

Təhsildəki rüşvət faktları saymaqla bitməz. Hər gün mütəmadi olaraq sosial şəbəkələrdə, mətbuat səhifələrində bu haqda yazılır, ictimaiyyətə məlumatlar verilir.


Hələ ötən gün Təhsil naziri Emin Əmrullayev açıqlamasında təhsildə rüşvətin olduğunu və bununla mübarizə aparıldığını etiraf etmişdi. E.Əmrullayev qeyri-qanuni pul yığılması məsələsinin həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini bildirir:"Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığılmasının əleyhinəyik. Belə hallar aşkarlanarkən hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür”.

Nazirin açıqlamasından belə anlamaq olur ki, ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısı alınıb və bu kifayət qədər vaxt tələb edib. 

Sosial şəbəkələrdə yazılan şikayətlər isə, nazirin iddialarının tamam əksini göstərir. 

Bəs, təhsildə korrupsiya ilə bağlı aparılan mübarizə öz effektini niyə tam vermir?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov təhsildə rüşvətin fərdi maraqlara dayandığını bildirib:


"İnsan fəaliyyətinin əsas səbəbi onun marağıdır. Rüşvət şəxsi marağa qulluq edən bir şeydir. Qeyri-rüşvət isə ictimai marağa qulluq edir. Deməli, cəmiyyətdə rüşvət varsa, şəxsi maraq dövlət marağından üstündür. Bu hər yerdə belədir, istər uşaq bağçası olsun, istər universitet olsun, istərsə də məmurun oturduğu yer olsun. O nazirin ki, şəxsi marağı ictimai maraqdan yüksəkdir, orada rüşvət ola bilər. O məktəbdə ki, məktəbin direktorunun şəxsi marağı ictimai maraqdan yüksəkdir, orada rüşvət ola bilər. O ali məktəbdə ki, şəxsi maraq ictimai maraqdan yüksəkdir, orada da rüşvət olacaq. Yəni, bunun nəzəri formulu budur”.

"Şəxsi maraq yox, ictimai maraq təbliğ olunmalıdır".

Ekspert təhsildə korrupsiyadan xilas olmanın bir sıra yollarından danışıb:

"İnsanlara anlatmaq lazımdır. Anlatmaq lazımdır ki, siz şəxsi marağınızı təmin etməklə, yəni, pul yığmaqla xoşbəxt ola bilməzsiniz. Siz dövləti güclü etməklə xoşbəxt ola bilərsiniz. Ona görə də, rüşvət almayın, dövləti qüvvətləndirin. Elə adam var ki, pulu çoxdur, yenə rüşvət alır. Tərbiyə, daxili nizam-intizam başqa şeydir. Adam var ki, anadangəlmə belədir ki, rüşvətə meyilli deyil. Onun barmaqlarını kəssən də, rüşvət almaz. Yüz nəfərdən üçü belə olar, amma yerdə qalanlar adi insanlardır, adi insanlara aid olan bütün xüsusiyyətlər onlara da aiddir. Ona görə də, idealoji iş aparılmalıdır. Orta məktəb məzmumunda şəxsi maraq yox, ictimai maraq təbliğ olunmalıdır. Xalqın marağı, ictimaiyyətin marağı, bunlar təbliğ olunmalıdır və insanları düzgün tərbiyə etmək lazımdır. Bizim insanların tərbiyəsi elə bil ki, pozulub. Dırnaq arasında da olsa, belə deyək. Tamamilə tərsinə iş görürlər”,- deyə Şahlar Əsgərov əlavə edib.

 

"Təkcə işdən azad etmək yox, onları hüquqi məsuliyyətə də cəlb etmək lazımdır".

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov rüşvət alanları təkcə işdən azad etməklə yox, həm də məsuliyyətə cəlb etməklə cəzalandırmaq lazım olduğunu deyib.


"Burada müəllimlərin də üzərinə məsuliyyət düşür. Müəllimlər anlamalıdır ki, bu, yolverilməzdir. Kimsə bunu edəcəksə, ona qarşı çox ciddi tədbirlər görüləcək. Birmənalı olaraq bu addımlar atılır. Hesab edirəm ki, bunun qarşısını almaq üçün çox ciddi və sərt tədbirlər olmalıdır. Rüşvət alan insanları təkcə işdən azad etmək yox, onları hüquqi məsuliyyətə də cəlb etmək lazımdır. Bundan başqa, belə hallar baş verdikdə araşdırma geniş aparılmalıdır. Məsələn, son BDU-da baş verən hadisəni götürək. Universitet rəhbərliyinin bu məsələdə hansısa bağlılığının olub-olmaması məsələsini araşdırmaq lazımdır. Əgər varsa, universitet rəhbərliyinə də qarşı ciddi şəkildə tədbirlər görülməlidir. Bütün hallarda müəllimlər nəzərə almalıdır ki, əvvəlki dövrdə bunu edənlər var idi, belə hallar olurdu, amma son dövrlər belə hallara qarşı görülən tədbirlər də gücləndirilib. Heç kim buna getməməlidir”.

 

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc edilib.


 

OXŞAR XƏBƏRLƏR