ABŞ Prezidenti Co Baydeni çətin vəziyyətə salacaq hadisə baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Comer prezident Co Baydenin oğlu Hunter Bayden və onun biznes tərəfdaşlarının Rusiya və Qazaxıstan oliqarxları da daxil olmaqla xarici iş adamları və şirkətlərdən milyonlarla dollar ödəniş aldığını göstərən bank qeydlərini paylaşıb.
Ceyms Comer əvvəllər "Twitter” kimi tanınan X sosial media platformasındakı hesabında Co Baydenin vitse-prezidenti olduğu dövrdə oğlu Hunterin onun hesabına rus və qazax oliqarxlarından köçürülən pul axını göstərdiyini paylaşıb. O cümlədən bank köçürmələrinin ekran görüntüləri dərc edilib.
Comer tərəfindən paylaşılan sənədlərdə "Vitse-prezident Bayden bu şəxslər və ya onların nümayəndələri ilə əhəmiyyətli bir müddət ərzində şəxsən görüşüb. Hunter Bayden xarici biznes tərəfdaşları ilə 20-yə yaxın yüksək səsli telefon danışıqlarında iştirak edib və axşam yeməyində böyük məbləğlər ödəyən xarici oliqarxlarla görüşüb. Baydenlərin satdığı yeganə məhsul Co Bayden markası idi”,- ifadəsindən istifadə edilib.
Sənədlərdə Hunter Baydenin Ukraynanın enerji firması Burisma Holding, rusiyalı oliqarx Yelena Baturina və qazaxıstanlı oliqarx Kenes Rakişevdən milyonlarla dollar ödəməyə razılaşdığı, o zaman vitse-prezident Baydenin Rakişev və Burisma Holdinqin nümayəndəsi ilə nahar etdiyi bildirilir.
Bayden ailəsinin bəzi Çin və Rumıniya təşkilatlarından aldığı ödənişlərlə bağlı məlumatları paylaşan Komitənin sənədlərində sözügedən xarici ödənişlərin ümumilikdə 20 milyon dollardan çox olduğu qeyd edilib.
Comer mətbuata açıqlamasında vurğulayıb ki, Nəzarət Komitəsi prezident Baydenin oğluna "adından brend kimi istifadə etməyə" və münasibət müqabilində pul qazanmasına "bilərəkdən icazə verib-vermədiyini" müəyyən etmək üçün şahid ifadələrini axtarmağa davam edəcək.
Gülay