Orxan Fikrətoğlu
Əslində hər bir azərbaycanlı özü-özlüyündə bir bayraqdır. Amma mənim bu fikrim əlbəttə ki, poetikdir və şərtidir.
Hər bir insan bizi xaricdə bayraq qədər təmsil etsə də, hər bir vətəndaş ölkə daxilində nə qədər yüksəlsə də, çevrilib bayraq ola bilməz. Ən azı ona görə ki, bayraq ənənədir. Bayraq həmişəlikdir və klassik demişkən, o bir kərə qalxırsa, daha heç zaman enmir.
Biz isə hamılıqla o bayrağın heç zaman enməməsinə xidmət edən gəldi gedər, öləri insanlarıq. Amma bayraq əslində çox poetik rəmzdir. Kütləni millət edən gerçəklikdir. Mənə inanın ki, onu ucada görəndə ən qəddar adamın belə gözü yaşarır.
Bayrağımız bizim utananda üzümüzü örtən abrımızdır. Bayraq bizim həyamızdır. Və bu mənada adi lümpendən tutmuş, yüksək vicdanlı ziyalıya qədər kim varsa, bayrağa münasibətdə həmrəydir. Rəmzimiz olan milli dövlət bayrağımız mənim üçün şəxsən ancaq rəmz deyil, həm də işarəmiz, ünyanımız, bizi tanıdan və tanıyan taleyimizdir.
Bu bayraq bizim bayraqdır və “biz onu sevirik” demək azdır. Mən “bayrağı sevirəm” deyən adamın o dəqiqə əməllərinə baxılmasının tərəfdarıyam. Bayrağı “sevirəm” deyən yalan dedektorunun qarşısında duran kimidir. Bayrağı özünə deyil, xalqına təmənnasız xidmət edən “sevirəm” deyirsə, inanın.
Vətəni, bayrağı yalançı pafosla öyə-öyə tərifləmək, məncə, zövqsüzlükdür. Yalandan Allaha and içmək kimidir. Milləti ancaq düz olmaqla bayraq milləti etmək mümkündür. Bayraq qeyrət kimidir. Sən onun uzaqdan da təəssübünü çəkməlisən. Onu “sevirəm” demədən də sevməlisən və bir kişi kimi qorumalısan. O sənin adındır, evindir, övladının ünvanı, gələcəyidir. Bayrağı sevən, Vətəni üçün ölməyi bacarandır. Sən, onu salamlamadan uçan quşun yuvasını dağıtmalısan. Ona qarşı cəng cəhdi edənin, qarşısında canınla durmalısan.
Bayraq ancaq başın üstə dalğalanan üçrəngli kalor deyil ki! İndi mən deyim sən də say və gör, bayraq nədir. Bayraq ölkənin uzaqdan görünən üzüdür. Onu ucada, qəlbilikdə və qəlblərdə saxlamağı bacarmaq dövlət müstəqilliyini qorumaq qədərindədir. Deməli, ən əvvəl bayraq müstəqillikdir. Bayraq sənin dövlətinin qələbəsini nöqtələyən, tamamlayan, fiksə edən işarədir. Harda bayrağın varsa, sən də varsan. Bayrağın nə qədərdirsə, sən də o qədərsən.
Bayraq mənim üçün bu gün həm də arzumun gerçəkləşməsidir. Bayraq Qarabağın geri alınmasının bir fakt olaraq təsdiqi ola bilən yeganə işarədir. Bayraq Azərbaycan qələbələrinin tərənnümü, hayıflarının göstəricisidir. Deməli, bayraq həm də qələbənin təsdiqidir. Bayraq sənin qürür mənbəyin, azadlıq ərazin, sənin coğrafiyan, sərhəddin, sınırındır. Sən bayrağa qədər olanın sahibisən.
Bayrağın altında olan torpaqlar sənin Vətənin adlanır. Mən “Vətən” sözünü ilk dəfə uşaq vaxtı eşidəndə belə başa düşmüşdüm ki, bu “Vətən” deyilən anlayış, konkret torpaqlardan ibarət ərazidir. Orda uçan quşlar, qaçan atlar və yaşayan adamlar da Vətəndir. Sonra bir az böyüdüm və Vətənin dərininə getdim. Vətən sənin uğrunda öləcəyin, evindir. Vətən sovet tanklarının altında inləyən 20 Yanvar şəhidlərinin qisasıdır. Sonra bir az da nələrisə başa düşməyə başladım və pafosum tam çəkiləndə başa düşdüm ki, Vətən sənin sevdiklərinin, dəyər verdiklərinin, qorumağa borclu olduqlarının, tarixinin, soyunun, dilinin, dövlətinin və dininin yaşadığı və ən əsası yaşayacağı yerdir. Və sən bu yerləri qoruya bilmirsənsə, heç olmasa zibilləmə.
Sən əlində olan bu yerləri gələcəyə sağlam və olduğu kimi çatdırmağa borclusan. Vətənə ağlamazlar, Vətəni öyməzlər, Vətəndə yaşayar və onu qoruyarlar. Biz bir daha bu bayrağımızı dünya dövlətləri ilə müqayisədə hələ təzə qaldırmışıq. Bizi bu coğrafiyada yaşayanları, əsrlərdir ki, din də birləşdirirdi, etnik mənşə də birləşdirirdi, dil də. Amma mən bu fikirdəyəm ki, bizi bir millət, bir azərbaycanlı olaraq birləşdirən, bizi vətəndaş edən daha çox milli Dövlət bayrağımızdır.
Azərbaycanlı ideyasının kökündə duran bu bayraq həm də milli şüurumuzun, milli mənliyimizin və təfəkkürümüzün göstəricisidir. Bizi bir edən və edəcək bu bayrağımızdır. Biz türkcə danışırıq, müsəlmanıq və eyni zamanda dünyəviyik, müasirik, mədəni və iqtisadi sahələrdə dünyaya inteqrasiya olunmaqda maraqlıyıq. Bu, bizim bayrağımızda da yazılıb. Milli dövlət bayrağımızın altında din, Milli kök, kasıb-varlı, bizimki – sizinki anlayışları da yoxdur. Biz hamılıqla azərbaycanlıyıq və o rəmz bayrağın daşıyıcılarıyıq. Dünyada öz bayrağının ideyasına bu qədər oxşar və bu qədər sadiq başqa bir dövlət tapmaq, məncə, çox çətin olar. Biz bu üçrəngli bayrağın yoluyla, öz yolumuzu müstəqil olaraq getməkdə israrlıyıq və bu yolu gedəcəyik də. Necə ki, göydə bulud var və həmişə olacaq, necə ki, göydə günəş var, ulduzlar var və həmişə də olacaq, eləcə də bizim bayrağımız var və həmişə də olacaq...Çünki onu biz hamılıqıa əlimizdə tutmuşuq... O, bizim əlimizdədir.