Bakı Dövlət Universitetinin keçmiş
prorektoru, professor Akif Ələkbər oğlu Quliyevin dəyərli bir ömürdən sonra 19
iyul 2020-ci ildə dünyanı tərk etdi.
Həyatını elmə və təhsilə həsr edən əməkdar elm xadimi, professor Akif Ələkbər oğlu Quliyev respublikamızın elm xadimləri arasında özünəməxsus yeri ilə sayılıb-seçilən görkəmli tədqiqatçı alimlərdəndir. Onun haqqında peşəkar müəllim, gözəl insan, səmimi və qayğıkeş dost kimi çox sözlər demək olar.
A.Quliyev 1964-cü ildə
Bakı Dövlət Universitetində ali təhsilini başa çatdırdıqdan sonra aspiranturaya
daxil olub. 1966-cı ildə elmi-tədqiqat fəaliyyətini yüksək səviyyədə yerinə
yetirmək üçün Avropanın nüfuzlu ali təhsil ocağı olan Praqanın Karlov
Universitetinə göndərilib və orada dissertasiya işini yekunlaşdırıb, elmləri doktoru adına layiq görülüb.
Akif Quliyev 1968-ci
ildə, 26 yaşında ikən Biologiya fakültəsinin dekan müavini olub. 1973-cü ilədək
həmin vəzifədə çalışıb. Bu müddətdə çalışdığı kafedrada biokimya yönümlü
problem laboratoriyası yaradıb və bir qrup gənc mütəxəssisin məhsuldar
fəaliyyətinə nail olub. Həmin mütəxəssislər sonralar alimin elmi-pedaqoji
işinin nəticəsi kimi 1972-ci ildə formalaşan Biokimya kafedrasının əsasını
təşkil ediblər. Həmin kafedranın müdiri seçilərkən Akif müəllim 30 yaşında idi. 1990-cı ildə Professor adına layiq görülüb.
Biokimya kafedrasının
müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirən, Akif Quliyev kafedranın
istər maddi-texniki bazasının genişləndirilməsi, istərsə də elmi-pedaqoji
kadrların yüksək ixtisaslara yiyələnmələri istiqamətində əvəzsiz işlər görüb.
Kafedranın elmi və tədris laboratoriyalarına yeni avadanlıqların alınmasını
təşkil edib və tədris olunan laboratoriya məşğələlərinin, burada həyata
keçirilən elmi-tədqiqat işlərinin keyfiyyətinin zamanın tələbləri ilə
uyğunlaşdırılmasını təmin edib. Bunlarla yanaşı, Rusiyanın aparıcı elm və
təhsil mərkəzləri, o cümlədən REA-nın A.Bax adına Biokimya İnstitutu, Moskva
Dövlət Universiteti, Çexiya Respublikasının Karlov Universiteti ilə elmi
əlaqələr qurub, kafedranın gənc əməkdaşlarını həmin elm ocaqlarına ezam etməklə
onların tədqiqatçı-alim və bacarıqlı pedaqoq kimi formalaşmalarına şərait
yaradıb.
Akif müəllimin məhsuldar fəaliyyəti
universitet rəhbərliyinin diqqətindən yayınmayıb və o, 1988-ci ildə Biologiya
fakültəsinə dekan vəzifəsinə seçilib. 1990-cı ildə təşkilatçı alim Bakı Dövlət
Universitetinin I prorektoru vəzifəsinə təyin edilib. 1992-ci ilədək həmin vəzifədə
çalışan və bu dövrdə universitetin rektoru vəzifəsini də icra edib.
Çalışdığı yüksək vəzifələrə
rəğmən Akif müəllim elmi-tədqiqat işlərindən uzaqlaşmayıb, bu sahədə də yüksək
nəticələrə imza atıb. Akif müəllim rəhbərlik etdiyi kafedrada aparılan elmi-tədqiqat
işlərinin ən müasir səviyyədə yerinə yetirilməsi üçün Fransanın məşhur Milli Aqronom
Araşdırmalar Mərkəzinin aparıcı laboratoriyaları ilə əməkdaşlıq edib.
Bacarıqlı tədqiqatçı 200-dən
çox elmi əsərin, 5 dərsliyin, monoqrafiyanın və 3 müəlliflik şəhadətnaməsinin
(patent) müəllifidir.
Professor Akif Quliyevin
faydalı əməyi təkcə elmi-pedaqoji sahədə deyil, ictimai-siyasi sahədə də bəhrəsini
verməkdədir. 0, 1990-cı ildən Dünyada Sülhü Müdafiə Komitəsinin Azərbaycan bölməsinin
sədr müavinidir. Bu fəaliyyəti dövründə alim Azərbaycanın nümayəndə heyəti tərkibində
1990-cı ildə Yaponiyada və Çində toplantılarda, 1994-cü ilin oktyabrında isə
Nyu Yorkda həmin komitənin xətti ilə BMT-nin iclasında iştirak edib.
Biokimya və biotexnologiya
kafedrası TEMPUS xətti ilə 2003-2005-ci illərdə Londonun Vestminster
Universiteti ilə birlikdə İmmunologiya üzrə qrantın, 2006-2008-ci illərdə
"Ekologiya üzrə magistrlərin hazırlanması”, 2007-2009-cu illərdə isə NATO-nun
"Elm sülhün keşiyində” layihələrinin koordinatoru olub. 2010-2016-cı illərdə
görkəmli alim 6 beynəlxalq layihənin BDU-da əlaqələndiricisi olub ki, onlardan
beşi Avropa Komissiyasının TEMPUS, biri isə ERASMUS MUNDUS proqramları çərçivəsində
reallaşıb.
A.Quliyevin qeyd etdiyimiz
elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti respublikanın rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilib. 2009-cu il oktyabrın 20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fərmanı ilə "Əməkdar elm xadimi”fəxri
adı verilib və 2019-cu il noyabrın 25-də Prezident İlham Əliyevin Sərəncəmı ilə Prezidentin fərdi təqaüdünə təltif olunub.
2006-cı ildə
BDU-da "İlin müəllimi” adına layiq görülmüşdür. 2011-ci ildə BDU-da "İlin
dekanı” adına layiq görülmüşdür. 2011-ci ildə Birləşmiş Millətlərin İctimai Təltiflər
üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeninə
layiq görülüb. 2012-ci ildə Türk xalqının Araşdırmalar üzrə Beynəlxalq Elmlər
Akademiyasının Akademik adına layiq görülüb. 2012-ci ildə Elmin və pedaqoji əməkdaşlığın
inkişafına görə Praqanın Karlova Universitetinin qızıl medalı ilə təltif olunub.
2013-cü ildə universitetin ictimai həyatındakı fəal mövqeyinə görə
Fəxri fərmanla təltif edilib.
Akif Quliyevin əziz xatirəsi bütün elmi ictimaiyyətin və zəngin irsdən bəhrələnənlərin qəlbində bir alim, pedaqoq, təşkilatçı,ictimai xadim, gözəl insan, ailə başçısı və dost kimi daim yaşayacaqdır.