Halbuki əksər zamanlarda cavab kimi: “Əşşi, beş günlük dünyadır” deyə bir ifadə ilə rastlaşır və əsl həqiqətin də bu olduğunu düşünürük. Heç zaman fərqinə varmırıq ki, həyatımızı bu ”beş gün” şəklində düşündükcə yaşamımızı da məhz bu “günlər” ərzində keçərli olacaq məqsədlər üzərində qururuq. Bu zaman həyatı böyük bir ticarət mərkəzinə bənzədirik və burada pullarla düzgün ”davranan”insanlar mərkəzin ən bacarıqlı ticarətçisinə çevrilir ki, adətən müasir dünyamızın xoşbəxt insanları da məhz onlar sayılır. Həyatımızı bu ”beş gün” prinsipi ilə qurduqca sevgini, əxlaqı, dəyərlərimizi də təsvvür etdiyimiz bu ticarət mərkəzindən müəyyən məbləğə əldə edə biləcəyimizi düşünürük, bu səbəbdən sərvət arxasınca yeriyərkən itirə biləcəyimiz bu dəyərlərimiz üçün heç də narahat olmuruq. Pulun, var-dövlətin kölgəsində gizlənən ümidlərimiz bizi həyatın əsl məqsədindən kənarda qoyur.Sərvət üçün sevir, sərvət üçün çalışır və yalnız sərvət üçün insanlara hörmət bəsləyirik... həyat istiqamətində getdiyimiz məqsəd yolunun səkiləri pul, var-dövlətlə qurulduqca yollarımız daralır və bu yolun sonunun yalnız bu səkilərdən ibarət olduğunu düşünürük...
Ətrafında müzakirə apardığımız bu prinsiplər əslində daim dünya dahiləri tərəfindən qlobal məsələ kimi ön plana çəkilmişdir.Bu dahilər sırasında amerika ədəbiyyatının önəmli simalarından sayılan Henri Devid Toronun “ prinsipsiz həyat” adlı məşhur əsərində vurğuladığı fikirlər bu mənada olduqca böyük önəm daşıyır. Daim millətini sevən, onun gələcəyini, elmini, dəyərlərini düşünən yazıçı əsərləri ilə bütün amerika vətəndaşlarını bu prinsiplər ilə yaşamaları üçün əlindən gələni edirdi. Oxucularına millət sevgisi aşılayan Toro həyatın qayəsini pulda deyil, insanlara sevgidə və hörmətdə görürdü, özünün də vurğuladığı kimi:” bu gün pul xatirinə sənə hörmət edən insanın sabah elə məhz pul xatirinə sənə nifrət edə biləcəyini unutma”.
Bu tip düşüncə sahibləri heç də az deyil və onların söylədikləri dəyərli fikirlər bu gün də öz aktuallığını saxlamaqdadır: Robert Boş:”insanlrın etibarını itirməkdənsə pulumu itirməyi üstün tuturam”, Məhəmməd peyğəmbər(s):”insanların ən xeyirlisi diqərlərinə fayda verənidir” və s. Adları sadalanan dahilərin həyatda ikən ən vacib məqsədləri məhz insanları mənəvi dünyalarına qaytarmaq, onlarda sevgi, vətənə sədaqət hisslərini, düzgün həyat prinsiplərini aşılamaq idi. Əlbəttə bu fikirlər daim insanların diqqətini cəlb edir, lakin əsas məsələ bizim bu prinsipləri nə dərəcədə həyata keçirə bilməyimizdir. Əsas olan bu fikirləri eşidib düşündükdən sonra həyatımızı da bu məqsədlər üzərində qurmaq, yalnız sərvət, pul var-dövlət üzərində qurmaq deyil... Əlbəttə bu, o anlama gəlməz ki, sərvət üçün çalışmaq bizi hər bir halda həyatın yalnız qara səhifələrinə aparacaq yeqanə yoldur, sadəcə pulun qulu deyil, pulu özünə qul etməyi əlində məqsəd tutasan. Doğrudur, bu gün vətəni üçün çalışan, onun gələcəyini düşünən insanların dəyəri dərhal hiss olunmur, amma illər sonra bu insanlar öz millətinin əsl qəhrəmanına çevrilir... Əlbəttə hər kəs qəhraman ola bilməz, lakin ən azindan onlara dəyər verməyi hər birimiz bacararıq, yetər ki millet bir parçası olduğumuzu dərk edək. Gəlin Kapitalizm adlandırdığımız müasir dünyamızda çalışaq ki, ən azından dükan köşklərində satılan məhsulların arasında sevgimiz, sədaqətimiz, əxlaqımız yer almasın...
Islam Mirzəyev,
Xəzər Universiteti Jurnalistika fakültəsi tələbəsi