00:57 Bazar Ertəsi, 16 Dekabr 2019
SOSİAL

“Belə adamları işə buraxmayın!” - Baş epidemioloq “donuz qripi”ndən danışdı

14:12, 04.02.20192910
“Belə adamları işə buraxmayın!” - Baş epidemioloq “donuz qripi”ndən danışdı
Qonşu Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayının artması, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə A (H1N1) virusunun aşkarlanması ilə bağlı açıqlaması əhali arasında narahatlıqlara səbəb olub.
 
AZXEBER.COM Səhiyyə Nazirliyinin Baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayevin vəziyyətlə bağlı modern.az-a müsahibəsini təqdim edir.

- İbadulla müəllim, Azərbaycanda epidemiloji vəziyyət hansı səviyyədədir. Bugünədək "donuz qripi"nə yoluxanlar neçə nəfərdir?

- Azərbaycanda "donuz qripi" yoxdur. Epidemiloji vəziyyət tam nəzarətdədir.

- "Donuz qripi" yoxdur deyirsiz, bəs Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkədə 16 nəfərdə A(H1N1) virusunun təsdiqlənməsini necə izah edərdiz?

- Kənddə, rayonda olan insanın virusun hansı ştampda olmasının nə əhəmiyyəti var? Bu A virusunun törədicisidir, mövsümi qripdir, "donuz qripi" deyil.

- Amma qripə yoluxan insanlarda "bəlkə "donuz qripi"yəm" deyə şübhə və narahatlıqlar var. Ümumdünya Səhiyyə Təşkilatının sonuncu açıqlamasından sonra da bu narahatlıqlar artıb. Necə müəyyən edək ki, bizdəki "donuz qripi"dir, yoxsa adi mövsümü qrip? Əlamətləri necə fərqləndirək?

- Heç bir xəstə, heç bir insan bilə bilməz ki, o, hansı virusla xəstələnib. Xəstəlik yalnız laboratoriya üsulu ilə müəyyənləşdirilə bilər. Əgər hər hansı bir insan xəstəliyilə bağlı şübhələnirsə, poliklinikalara, xəstəxanalara müarciət edə bilər. Xəstəliyi müəyyən etmək üçün boğazdan yaxma götürülür və laboratoriyada müayinə olunur. Müayinə nəticələri bəlli olandan sonra insanda hansı virusun olduğu müəyyənləşir. "Donuz qripi" də "insan qripi" də, "quş qripi" də necə adlandırılmasından asılı olmayaraq, mövsümi qripdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da var, bundan sonra da olacaq. Mən dünyada olmayandan sonra da olacaq.

- Bəs A(H1N1) nə virusudur? Axı Ümudünya Səhiyyə Təşkilatı bu xəstəliyin Azərbaycanda olduğunu təsdiqlədi. Həm Gürcüstanda ölənlər də bu virusdan ölüb...

- Kütləvi müayinə aparsaq, bu gün çox adamda A(H1 N1) virusu aşkarlanar. Həmin müayinəni lap Amerikada da aparsaq, çıxacaq. Burada təhlükəli bir məsələ yoxdur. Virus təbiətdə həmişə dövr edir və orqanizmi zəif olan insanları tez yoluxdurur.

- Risk qrupuna aid olanlar kimlərdir?

- Azyaşlılar, tibb işçiləri, 65 yaşdan yuxarı olan insanlar, hamilə qadınlar risk qrupuna daxildir. Bu insanlar diqqətli olmalıdır. Həmçinin, işdə, kollektivdə xəstə olan insanların işə gəlməməsini xahiş edin. Məcburən gəlibsə belə, maska taxsın. İmkan varsa, belə adamları, ümumiyyətlə, işə buraxmayın.

- Bəs bu xəstəliyin qarşısının alınması üçün hansı qabaqlayıcı tədbirləri görə bilərik?

- Çox sadə üsulla. Tarix boyu insanlar soyuqdəymə zamanı xalq təbabətindən istifadə ediblər. İndi şükürlər olsun ki, tibb inkişaf edib, yüksək şəkildə təchiz edilmiş səhiyyə müəssisələrimiz var. Əgər səhiyyə müəssisəsinə getməyə imkanları yoxdursa, sahə həkimini evə çağırsınlar. Sahə həkiminin verdiyi təyinata riayət etmək lazımdır. Doğurdan da insanda xəstəlik halı varsa, insan təcrid olunmalıdır. Xəstəni ayrıca otaqda təcrid etmək imkanınız yoxdursa, heç olmasa, ortadan bir pərdə çəkin. Xəstəyə qulluq edən insanlar mütləq maskalardan istifadə etsin. Xəstə özü və ona qulluq edənlər tez-tez əllərini sabunla yusunlar, otağın havasını dəyişdirsinlər, döşəməni silsinlər. Xəstənin hərarəti çoxdursa, mütləq həkim təyinatından sonra dərman pereparatlarından istifadə etsinlər. Həkimsiz heç bir müalicəyə başlanmamalıdır. Qrip havaların soyuması ilə bağlı yayılan bir xəstəlikdir. Mövsümi xəstəlik olduğu üçün soyuq havalarda daha tez şəkildə özünü biruzə verir.

- İbadulla müəllim, o zaman deyə bilərikmi ki, havalar isinməyə başlayanda bu xəstəlik səngiyəcək?

- İnşallah, üzü marta doğru mütləq şəkildə qripə yoluxma azalacaq. Dünyanın bütün ölkələrində belə qaydalar var. Bundan sonra da olacaq. Azərbaycan səhiyyəsi, həkimlərimiz, Allah uzaq eləsin, hər hansı epidemiya şəklində xəstəlik baş verərsə, onun qarşısını almaq iqtidarındadır. Heç kim, heç nədən narahat olmasın. 

- Deyirsiniz, Azərbaycanda "donuz qripi" yoxdur. A (H1N1) virusu aşkarlananlar da sağalıb evlərinə buraxılıblar. Bəs qonşu Gürcüstanda xeyli insan bu qripdən dünyasını dəyişib. Siz isə deyrisiz narahat olmayın...

- Gürcüstanda yayılan da adi qripdir. O da A(H1N1) virusudur və mövsümü xarakter daşıyır. Allah ölənlərə rəhmət eləsin. Bizdə də epidemioloji vəziyyət o həddə çatsa, ölümə səbəb ola bilər. Gürcülər özlərini qorumayıblar. Xəstəliyi xroniki hala salıb, kəskinləşdirəndən sonra ölüblər. Həkimə gec müraciət ediblər. Bizimkilər ağıllıdırlar, özlərini qoruyurlar. 

- Biz ölmək istəmirik hələ, ondandır yəqin...

- Əlbəttə.

- Rəsmi olaraq 1 saylı Kliniki Tibbi Mərkəzdə viruslu xəstələr üçün yer ayrıldığı açıqlandı. Hazırda Mərkəzdə neçə xəstə müalicə alır?

- Hazırda 3 yerdə -1 saylı Kliniki Tibbi Mərkəzdə, Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasında xüsusi palatalar ayrılıb. 2006-cı ildə "quş qripi" təhlükəsi yarananda da xüsusi palatalar ayrılmışdı. Əgər doğrudan da kəskin hal yaranarsa, o xəstələr həmin xəstəxanlara yerləşdiriləcəklər. Amma hazırda buna ehtiyac yoxdur. Ayrılmış palatalarda heç bir təhlükəli, ağırlaşmış xəstə yoxdur. İnanın səmiyyətimə ki, "donuz qripi" ilə bağlı yayılanların hamısı şayiədir, narahatlıq üçün əsas deyil.

Bir haşiyə açım: hazırda çox adam jurnalistləri söyür, təhqir edir, eləcə də biz həkimləri. Amma mən deyirəm ki, Allah jurnalistlərin canını sağ eləsin. Yaxşı ki, varsınız, zəng edib narahatlıqlarınızı dilə gətirir, əhalini maarifləndirirsiniz.  
XƏBƏR LENTİ