‘Belə bir ölkə soyqırımı yaşamağa layiq deyil’ - MÜSAHİBƏ

GƏNCLİK
16:39 07.03.2014
1747

AZXEBER.COMAzərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərovanın müsahibəsinitəqdim edir:

- Gülsel xanım, görülən işlərdən və həyata keçirilən layihələrdən də aydın olur ki, Azərbaycanda gənclər siyasəti inkişafdadır. Burada, sözsüz ki, dövlətin dəstəyi danılmazdır. Azərbaycan dövlətinin yürütdüyü gənclər siyasətini necə dəyərləndirirsiniz? - Azərbaycanın gənclər siyasəti artıq ən gözəl dövrlərini yaşamaqdadır. Təbii ki, bundan sonra həmin o gözəl dövrlər davam edəcək. Bu baxımdan, təbii ki, bu siyasət məni tam qane edir. Buna dair həm də mənim bir neçə faktlarım və sübutlarım var. Azərbaycan gənclər siyasəti 1996-cı ildən bu günədək böyük bir yol keçib. Əgər Avropa ölkələrinə nəzər salsaq görərik ki, onların 15 il ərzində keçə bilmədiyi bir yolu biz adlaya bildik. Burada söhbət gənclərin təşkilatlanması, onların xaricdə lobbiçilik etmələri, gənclər təşkilatlarının yaranması və onların struktur inkişafından gedir. 1998-ci ildə ölüm hökmünün ləğvi ilə Azərbaycan yenə də dünyada ilkə imza atan ölkələrdən oldu. Daha sonra 2000-2001-ci ildə Azərbaycan Avropa Şurasına tam inteqrasiya etdi. Azərbaycan bu böyük Avropa ailəsinin üzvü oldu və ulu öndərin sayəsində öz haqq səsini orada çatdırmağa başladı. 2003-cü ildən etibarən isə Azərbaycan gənclər siyasətində yeni bir dövrün başlanğıcı oldu. Belə ki, məhz həmin ildən başlayaraq cənab prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan gənclərinin inkişafı ilə bağlı proqram hazırlanması haqda sərəncam imzalandı. 2004-cü ildən isə mütəmadi olaraq gənclər və gənclər təşkilatları ilə görüşülməyə başlanıldı. Deyim ki, bu artıq bir adət halını almağa başladı. Dövlət proqramları artıq bütün gənclərin inkişafına bir bariyera yaradan bir proqram oldu. 2011-ci ildə cənab prezident 15-16 gənclə sıx formatda görüşdü. Mən də həmin görüşdə iştirak edirdim. O görüşdən öncəki və sonrakı olan təəssüratlarım çox fərqli idi. O görüşdən çıxdıqdan sonra mənim fikrimdə hər şey öz yerinə oturdu. Belə ki, cənab prezidentimiz o qədər gənclərlə səmimi danışdı ki, gənclər siyasətinin əsas özəyini və Azərbaycan gəncinin necə olmasını bizə çox gözəl çatdırdı. Bu bizim üçün çox vacib bir məqam idi. Mən heç düşünmədim ki, o gənc deyil və bizim aramızda yaş fərqi var. Məncə orada olan gənclər də bu cür düşünürdü.

Çünki elə bir aura yaradılmışdı ki, biz özümüzü çox sərbəst hiss edərək, istədiyimiz sualları verir və istədiyimiz fikirləri söyləyirdik. Cənab prezident orada olan heç bir gəncin arzusunu ürəyində qoymadı. Nə dediksə hər biri proqramda öz əksini tapdı. Düşünürəm ki, elə gənclər siyasətinin əsas uğurları budur. Bu gənclər siyasətinin əsas konsepsiyasını təşkil edir. Azərbaycan dövlətinin öz gəncinə verdiyi töhfə Avropanın öz gəncinə verdiyi töhfədən 2 dəfə artıqdır. Bir çox hallarda isə 3 dəfə artıqdır. Bir çox tədbirlər keçiririk və ölkəmizə xaricdən gənc qonaqlar gəlir. Onlar Azərbaycan haqqında başqa cür düşünsələr də buraya gəldikdən sonra tamam müsbət aura ilə qayıdırlar. Azərbaycan dövləti öz gənci ilə yanaşı, dünya gənclərinə də töhfə verir. - Azərbaycan gəncləri ölkədə vətəndaş cəmiyyəti quruculuğunda kifayət qədər aktiv iştirak edə bilirlərmi? - Təbii ki, istifadə edə bilirlər. Burada passiv və aktiv qisim var. Passiv qisim onsuzda istifadə etməyəcək və özünü tənqid etməkdən yan keçib dövləti və ya başqa bir insanları tənqid edəcək. Lakin aktiv qisim isə heç kimə yox, yalnız özünə güvənir. Məhz bu cür gənclər də yaradılmış şəraitdən, dövlət proqramlarından faydalanır. Bizim təşkilatda bir çox gənclər var ki, onlar universiteti bitirib AGAT-a gəliblər. Onlar burada gənclər siyasəti üçün yaradılmış şəraitdən istifadə edərək Gənclər Fonduna və digər qurumlara birgə əməkdaşlıq, öz layihələrini maliyyələşdirmək üçün müraciət edirlər. Bu, onların daxili aləmlərindən, aktivliyindən gələn bir təşəbbüsdür. Ancaq digər tərəfdən isə gənc əksinə, passivdir. Ona verilən tapşırığı etməklə kifayətlənir və öz üzərində çalışmır. Bu gənclərlə təbii ki, biz yalnız təlimlər edə bilərik və heç olmasa 5-dən 1-i aktivləşsin. Çünki biz istəmirik Azərbaycan gənci passiv olaraq davam etsin. Burada həm də ailə motivasiyası çox vacibdir. Valideyn övladın gördüyü işə həvəsləndirici heç nə söyləmirsə, o gənc nə qədər də olsa irəli gedə bilməyəcək. Bu baxımdan da gənclərimizin özlərinin də iradəsi çox möhkəm olmalıdır. Hələ də məni Azərbaycan gənclərinin dövlət proqramlarından istifadəsi kəmiyyət baxımından məni qane etmir. Dövlət motivasiya olaraq çox şey edir. Ancaq yerlərdə, bölgələrdə isə bunu biz genişləndirməyə çalışırıq. - Gənclərimizin mənfi qüvvələrin və zərərli vərdişlərin təsiri altına düşməməsi üçün nə edirsiniz? - Gənclər bu gün hər bir şeyə həvəslidirlər. Ancaq intellektual bazarda hansı qiymət ona verilir, bax o barədə düşünmək istəmir. Bu gün biz öz təşkilatımızda olan gənclərə onu vəd edirik ki, intellektual bazarda sənin qiymətin nə olacaqsa, onu da özündən tələb et. Əgər intellektual bazarda sənin qiymətin aşağıdırsa və sən yüksək tələb irəli sürüsənsə, sən bunun öhdəsindən gələ bilməyəcəksən. Sən intellektuallığını və bacarığını ona çatdırmalısan. O kəslər ki, dövlətçiliyə qarşı vuruşur, özünə güvənmir, başqa bir qrupa qoşulur, Azərbaycanın gələcəyinə heç bir məntiq olmadan başqa bir xarici qüvvəyə inanırlarsa, mən deyərdim ki, hamısının səbəbi həmin o intellektual bazada özlərinə sual verməmələridir. Digər tərəfdən isə elə bir gənclər də var ki, onlar artıq bəzi siyasi qüvvələrin təsiri altına düşərək özlərini padşah hesab edirlər. Bu daha qorxulu bir andır. Onda artıq onlara elə gəlir ki, artıq sosial şəbəkələrdə 5-6 min izləyicisi olan adamdırsa artıq o, dünyanı ələ ala bilər. Bu kəmiyyətdir, amma keyfiyyət deyil. Bunlar böyük bir cəfəngiyatdır. Bu çox gülünc görünür. Biz hər zaman təşviq edirik ki, sən gənc olaraq Azərbaycan hakimiyyətində kimin olmasından asılı olmayaraq, dövlətə xidmət etməlisən. Çünki sənin xidmətin sənin özünün gələcəyinin və ailənin təhlükəsizliyidir. Əfsuslar olsun ki, o kəslər ki, özlərindən razıdı və Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı danışmaq onun daha da izləyicilərini artırırsa, o düşünmür ki, orada keyfiyyət yoxdur, sadəcə kəmiyyət var. Kəmiyyət isə dünyada çox az bir təbəqəni mənalandırır. Azərbaycan gənci dövlətlə dialoqda olub gələcək üçün çalışmalıdır. AGAT-ı da bu maraqlandırır və bizim ideologiyamız da budur. - Dağlıq Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərimiz kifayət qədər fəallıq göstərirmi? Bu sahədə AGAT hansı işləri həyata keçirir? - Cənab prezidentlə görüşdə o çox vacib bir söz söyləmişdi: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın hər bir vətəndaşının problemidir. Azərbaycan gənci elə bir dinamik qüvvədir ki, o bir çox proseslərə daha yaxşı təsir edə bilər”. Mənim üçün o böyük bir mesaj idi. Onsuzda biz ona kimi, həmin işləri edirdik. Lakin bu söz, daha da dinamikləşməyə yol açmış oldu. Məsələ ondan ibarətdir ki, bu münaqişə ilə nə qədər çox fəaliyyətlər edilsə də, çox danışılsa da bir o qədər azdır. Çünki insanlar nə qədər çox danışsa da bu sadəcə 3-cü adama gedib çatır. Bu bir növ şəbəkə kimi yayılır və anlayırsan ki, nə qədər çox danışsan da bir o qədər adama az gəlir. Ona görə də mütləq şəkildə bu paradoksallığı aradan qaldırmaq üçün mütəmadi olaraq tədbirlərin keçirilməsi, dostluq əlaqələrinin qurulması çox vacibdir. Azərbaycan dövləti bu sahədə kifayət qədər işlər görüb. Biz bunu bilir və sadalamağa da dəyməz. İstər beynəlxalq, istərsə də daxili istiqamətdə əminik ki, Azərbaycan bu gün Dağlıq Qarabağ məsələsinin həllində sülh yolunu tutub. Lakin müharibə olarsa, Azərbaycan hazırdır ki, torpaqlarını geri alsın. Bunun üçün bizdə kifayət qədər hərbi qüvvə də var. Digər tərəfdən isə biz informasiya əsrini yaşadığımız üçün qloballaşan dünyanın bir parçasıyıq. Azərbaycan transmilli layihələrin mərkəzidir. Belə olan halda nə Avropaya, nə də Azərbaycana belə bir müharibənin olması lazım deyil. Lakin bu gün Ermənistan hansı vəziyyətdədir, bunu hamı görür. Azərbaycandan 4-5 dəfə acınacaqlı bir vəziyyətdədir. Azərbaycan öz regionunun lider ölkəsidir. Digər tərəfdən isə Avropa da anlayır ki, Azərbaycanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir. Ona görə də bu münaqişə Avropanın da problemidir. Bunu isə Avropada bəyan etmək lazımdır. Necəliyinə gəldikdə isə, biz Avropa insanı ilə dost olmalıyıq. Bu çox vacibdir. Bir Avropa insanı mənim üçün bir ölkə deməkdir. O təbii ki, mənim fikrilərimi öz ətrafına çatdıracaq və fikirlər yaxşılığa doğru dəyişəcək. Biz AGAT olaraq Avropada onların özləri ilə tədbirlər edirik. Burada əsas bizim işimiz lobbiçilikdir. Biz Londonda 60 avropalının iştirakı ilə forum keçirdik və bu münaqişəni onların dili ilə onlara çatdırdıq. Həmçinin, Parisdə olan forumumuzda da bu cür olmuşdu. Məhz biz oradan çoxlu dostlar qazandıq. Bu gün onlar artıq Azərbaycan həqiqətlərini dərk edir və yayırlar. Yəni, bu baxımdan vacibdir ki, bu problemi doğru və düzgün şəkildə dünyaya çatdırasan. - Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiya olunması, eləcə də onların dünya gəncləri ilə əməkdaşlıq əlaqələrinin səviyyəsi sizi nə dərəcədə qane edir? - Deyərdim ki, bəli, məni qane edir. Lakin əlimizdəki olan şəraitlə bunlar da azdır, deyərdim. Azərbaycanda vətəndaş cəmiyyəti çalışır ki, dünya təşkilatları ilə əlaqəyə girsin. Digər tərəfdən isə ölkənin bunun üçün yaratdığı şəraitə nəzər saldıqda bütün bu işlər insana az gəlir. Azərbaycanın gənclər təşkilatları dünyanın bir çox qurumları ilə əlaqəyə nə qədər çox can atsa və əməkdaşlıq qursa bu bir o qədər yaxşıdır. Tək ona görə yox ki, əməkdaşlıq, donor, qrant və s. görə, bu özü yerində olmalıdır. Digər tərəfdən isə ölkən haqqında elə bir siyasi, ictimai çıxarışlar ola bilər, bax sən məhz ona təsir edə bilərsən. Səndən rəy də alına bilər və sən öz ölkənin dialoqunu yaza bilərsən. Biz AGAT olaraq, məhz xarici təşkilatlarla əməkdaşlıqda bunlara üstünlük veririk. Mütəmadi olaraq açıq-aydın olaraq onlar bilirlər ki, AGAT qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır. Amma indevidiual olaraq Gülsel Səfərova kimi dəstəkləyir və kimi dəstəkləyəcək, bunu bir çox beynəlxalq təşkilatlar bilir. Ancaq buna baxmayaraq, AGAT-ın büdcəsinin 80 faizi beynəlxalq təşkilatların hesabına formalaşır. Çünki onlar inanır və bilirlər ki, burada olan gənclik sağlam gənclikdir. Bu ölkə son 200 ilin ən gözəl dövrünü yaşayır. İnanırıq ki, daha da yaxşı olacaq. - Bu yaxınlarda Yevlaxda “EL” televiziyasının qonağı oldunuz. Müəyyən fikir mübadilələri aparıldı. Maraqlıdır, AGAT olaraq region gəncləri ilə əməkdaşlığınız hansı səviyyədədir? - Region gəncləri ilə əməkdaşlığımız qənaətbəxşdir, lakin daha da yaxşı ola bilər. Biz hər il regionlarda təlimlər edirik. Həmçinin, region gənclərini tədbirlərimizə dəvət etməklə yanaşı, cəlb edirik. Biz 2012-ci ildə Quba regionunda gənclər üçün liderlik məktəbi təşkil etdik. Bunun nəticəsində isə “Yurd” təşkilatı yarandı. Bu bir növ ən yaxşı nəticələrdən biridir. Bundan başqa isə biz Şəkidə 13 günlük beynəlxalq tədbir keçirdik. Bu, Gender və Avropa-Qafqaz konteksində fikir mübadilələri idi. Burada 14 ölkənin iştirakı ilə bu baş tutdu. Orada Şəki mədəniyyəti ilə bağlı geniş sessiyalar təşkil etdik. Digər tərəfdən Gəncə və Lənkəran zonası ilə də əməkdaşlıq edirik. Lənkəranda biz Lənkəranın millət vəkili ilə gəncləri görüşdürürük. Bu da düşünürəm ki, onlar üçün böyük perspektivdir. Artıq bilirsiniz ki, Gəncə 2016-cı ilin Avropa Gənclər paytaxtı seçilib. Düşünürük ki, Gəncə ilə bağlı ayrıca bir beynəlxalq layihə həyata keçirək. Ona görə də, bizim üçün fərq etmir Bakı, Gəncə, Qazax və s., bizim üçün hamısı Azərbaycandır. İstiqamətimiz Avropaya inteqrasiya olsa da, amma region gənclərinin inkişafında AGAT maraqlıdır. Ona görə ki, onlar aktivləşdikcə Avropaya inteqrasiyada və lobbiçilik işində də aktivləşəcəklər. - Gənclərin ölkəmizin ictimai-siyasi həyatında aktivliyinin artırılması, eləcə də onların problemlərinin həlli istiqamətində gələcək planlarınız nədir? - Planlarımız çoxdur. Elə bu yaxınlarda bizim Ana dili günü ilə bağlı beynəlxalq festivalımız oldu. Burda 14 ölkənin nümayəndələri iştirak edirdi. Hər ölkə öz mədəniyyətlərini nümayiş etdirdi. Bu əslində simvolikdir. Biz orada 100-dən çox ölkənin də nümayəndəsini də yığa bilərdik. Lakin bu bir mesajdır. Biz demək istəyirik ki, Azərbaycan tolerant bir ölkədir. Belə bir ölkə soyqırımı yaşamağa layiq deyil. Əgər kimsə bu ölkəyə soyqırımını yaşadıbsa, o mütləq şəkildə öz hüquqi statusunu tapmalıdır. Növbəti tədbirimiz isə Avropa Gənc Federalistlərin Azərbaycana gəlişi olacaq. 15 Avropa ölkəsindən olan nümayəndələrin Azərbaycana gəlişi olacaq. Həmçinin xaricdə də, Avstriyada çox güman ki forumumuz gözlənilir. Bundan başqa Bakıda 7 ölkədən ibarət diskriminasiyaya qarşı mübarizə ilə bağlı festivalımız olacaq. Bu Avropa İttifaqı tərəfindən dəstəklənir. Yaxın 6 aydakı əsas beynəlxalq layihələrimiz bunlardır. Yerli layihələrimiz də çoxdur. Biz Quba-Xaçmaza, Gəncəyə səfər edəcəyik. Orada gənclər üçün maraqlı təlimlər edəcəyik.

Gun.az

OXŞAR XƏBƏRLƏR