'Bəli, biz onun Alyaska səhralarında vahid namizədliyini dəstəkləyirik' -

SİYASƏT
18:35 20.08.2013
1463

Mustafa Hacıbəyli eks-spikerin İsa Qəmbərin ünvanına səsləndirdiyi ittihamlara sərt reaksiya verdi

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyevin Milli Şuraya ünvanlanmış və Editor.az-da eksklüziv yayınlanan müraciətində Müsavat başqanı İsa Qəmbərin ünvanına səsləndirdiyi kəskin ittihamlara partiyadan ilk reaksiya gəlib. 

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli Editor.az-a açıqlamasında deyib ki, İ.Qəmbərin ünvanına səslənən ittihamların heç bir əsası yoxdur və böhtandır: “Rəsul Quliyev müraciətində deyir ki, İsa Qəmbər öz vahid namizədliyi üçün çalışır və Milli Şuranı dağıtmaqda israrlıdır. Ancaq əslində bu gün Milli Şuranın qorunmasında istiqamətində fəaliyyət göstərən ən böyük partiya Müsavatdır və daima birləşdirici mövqe tutub. Dünənki sessiyada da bu sübut olundu. Şuranın 19 avqust sessiyasında iki qərar layihəsi təklif olunmuşdu. Rəsul Quliyevin lideri olduğu ACP və AXCP ikinci vahid namizəd məsələnin əleyhinə çıxdı və heç bir halda səs verməyəcəklərini bildirdilər. 

Ancaq Müsavat birləşdirici mövqe tutaraq, Milli Şuranın qərar qəbul etməli olduğunu qeyd etdi və hər iki qərarın qəbul oluna biləcəyini diqqətə çatdırdı. Bu gün Milli Şura ona görə duruş gətirə bilirki, Müsavat partiya olaraq buna çalışır. Rəsul Quliyevin ittihamlarına gəlincə, onun Amerikada oturub Müsavatı və ya başqa siyasi qüvvələri ittiham etməsi gülüncdür. Biz onun müxalifət daxilində hansısa fəaliyyətini görmürük. Rəsul Quliyev oturub okeanın o tayında, gündəmə gəlmək üçün onun-bunun bostanına daş atır. Əgər onun özünə biraz hörməti varsa gərək sussun”.

Müsavat başqanının müşavirinin sözlərinə görə, eks-spikerin Rüstəm İbrahimbəyovun Milli Şuradakı təxribatçı qüvvələrin əlində alət olması haqqında dedikləri də yersizdir: “Dünən Rüstəm bəy, özü Milli Şuranın iclasına telefonla qatılaraq, qurumun qəbul edəcəyi istənilən qərarla razılaşacağını dedi. Bu situatsiyada artıq heç bir spekulyasiyaya yer qalmır”.

Mustafa Hacıbəyli Rəsul Quliyevin vahid namizəd olması ilə bağlı iddialarına isə ironik münasibət bildirib: “Bəli, biz onun ABŞ-ın Alyaska səhralarında vahid namizəd olmasını dəstəkləyirik”.

OXŞAR XƏBƏRLƏR