"Benfika"nın ukraynalı futbolçusu: "Qarabağ"ın hər hücumu təhlükəli idi"

"Benfika"nın ukraynalı futbolçusu: "Qarabağ"ın hər hücumu təhlükəli idi"
İDMAN
11:07 17.09.2025
175
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Benfika" ilə qarşılaşan "Qarabağ"ın hər hücumu təhlükəli olub.

Bunu Portuqaliya klubunun ukraynalı futbolçusu Georgi Sudakov "Sport TV"yə açıqlamasında deyib.

"Qarabağ"la matçda iki məhsuldar ötürmə müəllifi olan 23 yaşlı yarımmüdafiəçi çox çalışmalı olduqlarını söyləyib:

"Çətin idi... Böyüməli və başımızı qaldırmalıyıq. İlk növbədə təhlil etməli, bu oyun üçün məsuliyyət daşımalı, növbəti görüşlərə baxmalı və çox çalışmalıyıq. İlk hissədə 2:0 hesabı ilə qalib gəlirdik, oyuna nəzarət edirdik. Lakin cərimə zərbəsindən buraxdığımız qoldan sonra oyun dəyişdi. "Qarabağ" çox şey etmədi, amma hər hücumu komandamız üçün təhlükəli oldu və ikinci hissəni zəif keçirdik. Buna rəğmən, irəli getməli və növbəti oyunda daha yaxşı çıxış etməliyik. Mənim üçün bu komandada oynaya bilmək fantastikdir. Xoşbəxtəm, amma bu nəticəyə görə yox".

Qeyd edək ki, ötən gün Lissabonda baş tutan "Benfika" - "Qarabağ" görüşü Azərbaycan çempionunun 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
 
\report
OXŞAR XƏBƏRLƏR