Avro-2016-nın seçmə mərhələsinin püşkatması ərəfəsində UEFA turnirin ən təcrübəli baş məşqçilərinin siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qurum qitə birinciliklərinin seçmə mərhələlərində ən çox oyun keçirən çalışdırıcıları müəyyənləşdirib.
Avropa rekordçusu San-Marino millisini 4 seçmə mərhələyə çıxaran Campaolo Mazzadır. 2000-2012-ci illərdəki çempionatın seçmə mərhələlərində 38 matçda iş başında olan rekordçu artıq postundan ayrılıb.
Bu isə Avropa ikincisinə yeni rekord müəyyənləşdirmək imkanı verir. Yeni rekordun astanasında olan isə Azərbaycan millisinin çalışdırıcısı Berti Foqtsdur. Almaniyanı, Şotlandiya və Azərbaycanı üst-üstə 3 seçmə mərhələdə çalışdıran mütəxəssisin hesabında 36 oyun var. Seçmə mərhələnin ilk 2 oyunu Foqtsun Avropa rekordunu təkrarlaması üçün yetərli olacaq. 3-cü görüşümüzdə isə almaniyalı yeni Avropa rekordçusu olacaq.
Ötən əsrin sonlarında Lüksemburq yığmasına rəhbərlik edən Pavel Filipp 3-cüdür. Onun hesabında 32 oyunu var. Quus Hiddink (Hollandiya, Rusiya, Türkiyə) 31 matçla 4-cü, Billi Binqhem (Şimali İrlandiya və Yunanıstan) 29 görüşlə 5-ci yerdədir.