Bəşəriyyətin ümumi bəlası - Narkomaniya haqqında bilinməyənlər

Bəşəriyyətin ümumi bəlası - Narkomaniya haqqında bilinməyənlər
SOSİAL
11:54 05.05.2025
107

"Narkomanlıq”, "narkotik maddələr”, "narkoman” ifadələri 20-ci əsrin ikinci yarısından başlayaraq xüsusi problem olaraq bəşər həyatının bir hissəsinə çevrildi. Narkomanlıq qlobal miqyas və xarakter almaqla sosial patalogiyanın xüsusi sferası olaraq sosial-bioloji təhdidə çevrildi. Səhiyyənin bu problemlə bağlı xüsusi sahəsi yarandı. Yüzlərlə narkoloji klinikalar, sağlamlıq mərkəzləri və digər infrastrukturlar formalaşmağa başladı. Minlərlə ölüm halları, özü də bir çox hallarda cəmiyyətlərin ən yaxşı nümayəndələrinin narkotiklərdən ölməsi adiləşdi. Nəhəng pul dövriyyəsi olan və ən güclü mafiyaya çevrilən ümumdünya narkobiznes sferasının yaranması və qlobal genofona zərbə vuran fenomenin təkamülü baş verdi.

Təəssüflə qeyd edilməlidir ki, xüsusilə son onilliklərdə, qlobal informasiya məkanında baş verən inqilabi sıçrayışlar narkotik istifadəçiləri ordusunu sürətlə cavanlaşdırdı. Yeniyetmə və ilkin gənclik dövründə bu bəşəri bəlaya düçar olanların sayı sürətlə artmaqdadır. Bu baxımdan ən mürəkkəb vəziyyət yeniyetmə narkomanlığının inkişafı ilə bağlıdır. Hazırda müasir elmin əsas axtarışlarından biri də yeniyetmə və gənc nəslin narkomanlığa yuvarlanmasının səbəblərini müəyyən etməkdir. Hazırkı dövrdə dünya səviyyəsində narkotik və psixoaktiv maddələr qəbul edən yeniyetmə və gənclərin sayı fasiləsiz olaraq artmaqdadır. Tədqiqatlar göstərir ki, dünyada yaşayan bütün gənclər narkotiklər və onun öldürücü təsirləri barədə ən azı elementar məlumatlara malikdir.

Təəssüf ki, narkotiklərin zərəri barədə məlumatlılıq narkomanlığın yayılmasının qarşısını effektiv ala bilmir. Yeniyetmə və ilkin gənclik yaşında narkotik maddələrdən istifadə insan psixikasında ciddi və ağır dəyişikliyə gətirir. Nəticədə sosial baxımdan pozitiv olan ətraf insanlarla əlaqələrdə deformasiya yaranır. Davranışda müxtəlif pozuntular, müxtəlif infeksiyalara yoluxma, o cümlədən hepatit viruslarına və qazanılmış immun çatışmazlıq sindromuna (QİÇS) yoluxmaya və digər ağır xəstəliklərə gətirir.

İlk növbədə narkotiklərdən istifadə insanın orqanizminə dağıdıcı təsir göstərir və şəxsiyyətin deqradasiayasına gətirir, bu isə öz növbəsində başqalarının əhatəsində yaşayan narkomanlığa düçar olmuş şəxsin özünə deyil, həm də onun yaşadığı cəmiyyət üçün ciddi təhlükəyə çevrilir. Digər bir problem narkotik vasitələri yayanların yeniyetmə və gənclərə potensial və perspektivli müştəri kimi baxmasıdır. Belələrinin narkomaniya bəlasına düçar olması daha uzun dövr üçün istifadəçi bazasını formalaşdırır. Narkotik maddələrinin istifadəsinin artması cinayətkarlığın artmasına düz mütənasibdir. Bəzi ölkələrdə tədqiqat mərkəzlərinin araşdırmalarına görə yeniyetmə narkomanların üçdə iki hissəsi sonradan cinayətkara çevrilir.

Azərbaycanda narkomanlığın genişlənməsi, ölkənin narkotik maddələrin daşınması üçün tranzit ölkəyə çevrilməsi dövlət tərəfindən ciddi problem kimi qəbul olunmuş və narkomanlığa qarşı mübarizə sahəsində hüquqi tədbirlərin görülməsi və mübarizə mexanizmlərinin yaradılmasına hələ ötən əsrin 90-cı illərindən başlanılmışdır. Aparılan mübarizə tədbirlərinin müəyyən müsbət nəticələri fonunda problem nəinki qalmaqdadır, hazırda o yeniyetmələr və ilkin gənclik dövrünü yaşayan insanlar arasında da yayılmaqdadır. Miqyas geniş olmasa belə tendensiyanın artıma doğru meyilli olması narahatlıq doğurur. Digər narahatlıq doğuran məsələ xüsusi zərərli sintetik tərkibli narkotik vasitələrin əlçatanlığının və istifadəsinin artmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 26 avqust 1996-cı il "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün strategiyası”nın 4.4.20 ci bəndində "uşaqların zərərli vərdişlərdən qorunması barədə təhsil müəssisələrində səmərəli maarifləndirmə işinin görülməsi” nəzərdə tutulur.

Yanlış yolu seçən gənclərimizi bu bəladan xilas etməliyik. Biz həm narkotik maddələrə qurşanan gənclərimizi doğru yola dəvət etməli, buna çalışmalı, həm də gənclərə və yeniyetmələrə narkotik satanları ifşa etməliyik.

Narkomaniyaya qarşı mübarizə bir gün belə dayandırılmamalıdır və bu işdə fəal olmaq hər bir vətəndaşın təkcə hüququ deyil, həm də mənəvi və insani borcudur.

 

Qobustan rayon prokurorunun

köməkçisi, III dərəcəli hüquqşünas Tural Xəlilli


OXŞAR XƏBƏRLƏR