Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Beşiktaş” klubunu və “Fənərbaxça”nın oyunçusu Emre Belözoğlunu cəzalandırıb.
ANS PRESS-in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Super Liqanın çempionluq qrupunun ilk turunda “Qalatasaray”la oyunda azarkeşlərin davranışlarına görə “Beşiktaş”a öz meydanında iki oyunu azarkeşsiz oynamaq cəzası verilib. Beləliklə, “Beşiktaş”ın “Fənərbaxça” və “Trabzonspor”la ev oyunlarını yalnız qadınlar və 12 yaşadək uşaqlar izləyə biləcəklər. Komandaya pul cəzası da verilib. “Fənərbaxça”nın oyunçusu Emre Belözoğlu isə “Trabzonspor”la qarşılaşmada rəqib oyunçunu təhqir etdiyinə görə iki oyunluq diskvalifikasiya edilib. O, aprelin 22-də “Qalatasaray”la derbi oyununda və ölkə kubokunun yarımfinalında “Kardemir Karabükspor”la qarşılaşmada meydana çıxa bilməyəcək.