Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya kütləvi raket hücumunu araşdırmaq niyyətindədir.
Bunu məhkəmənin prokuroru Kərim Xan deyib.
O bildirib ki, beynəlxalq hüquq bu əməli törədənlərin cəzalandırılmasını təmin edəcək.
K.Xan vurğulayıb ki, qanun bəzilərinin istədiyi qədər güclü olmasa da, zəif də deyil.
Xatırladaq ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və 12 vilayəti raket atəşinə tutub. Nəticədə 19 nəfər ölüb, 105 nəfər yaralanıb.
Rusiya raketləri Kiyevlə yanaşı, ölkənin 12 vilayətində mühüm obyektlərə və mülki infrastruktura düşüb. Nəticədə 30-dan çox yanğın baş verib. Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.
Hücum zamanı 70-ə yaxın obyektə ziyan dəyib, 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.
Rusiyanın raket hücumları dünyada böyük etirazlara səbəb olub. Bir çox dövlət başçıları və beynəlxalq qurumların rəhbərləri Kremlə qarşı təzyiqləri artıracaqlarını bildiriblər.
///Report