"Beynəlxalq ictimaiyyətin Qarabağa dair BMT TŞ-nın qətnamələrinin icrasına təkid etməsi vacibdir" - Elmar Məmmədyarov

SİYASƏT
14:45 07.11.2013
1113

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri -Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalının hələ də davam etməsi əsas insan haqlarının dəstəklənməsində problem olaraq qalır.

AZXEBER.COM xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyada illik Demokratiya Forumunda çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, dünya hələ də beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə üz-üzədir.

Nazir deyib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən və silahlı qüvvələrin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxması barədə qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilməyib.

“Bu baxımdan beynəlxalq ictimaiyyətin münaqişənin sülh yolu ilə həllinə yardım etmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə təkid göstərməsi vacibdir”.

Nazir deyib ki, Azərbaycan Avropa Şurasında sədrliyi zamanı regional təşkilatlarla əməkdaşlığı təşviq edəcək:“Azərbaycan insan hüquqlarının müdafiəsi mexanizmlərinin bundan sonra da inkişafı və demokratik islahatların möhkəmləndirilməsi üçün qitənin əsas insan haqları müdafiəçisi olan Avropa Şurası, həmçinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlığı davam etdirir.

Ölkəmiz 2014-cü ilin may ayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi təhvil alacaq və sədrliyi zamanı dövründə digər qitələri də təmsil edən regional təşkilatlarla əməkdaşlığı təşviq edəcək. Bu baxımdan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi üzrə səylərin effektivliyini artırmaq üçün Avropa Şurası və Sülh və Demokratiya İnstitutu arasında birgə fəaliyyət imkanları var”.E.Məmmədyarov deyib ki, Azərbaycan həmişə müxtəlif etnik qruplar və dinlər arasında dinc yanaşı yaşama və tolerantlıq məkanı olub.Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi 2012-ci ilin may, 2013-cü ilin oktyabr aylarında qurumda sədrliyi barədə danışan E.Məmmədyarov, ölkənin əsas prioritetləri terrorizmə qarşı beynəlxalq əməkdaşlığın, həmçinin münaqişələrin sülh yolu ilə həllində BMT və regional təşkilatlar arasında əməkdaşlığın təşviqi olub.

OXŞAR XƏBƏRLƏR