Beynəlxalq tədbirlərdə şəkil çəkdirmək dövrü bitdi - Azərbaycan QHT-lərindən gözləntilər nədir?

Beynəlxalq tədbirlərdə şəkil çəkdirmək dövrü bitdi - Azərbaycan QHT-lərindən gözləntilər nədir?
SOSİAL
15:23 27.10.2023
419
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında misilsiz rola malikdir. Xüsusilə Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması bu sahənin nəzərəçarpacaq dərəcədə inkişafına təkan verib.
 
Son illər QHT sektorunda müsbət istiqamətdə böyük canlanma müşahidə olunur. Bu gün yüksək intellektə, dünyagörüşünə, xarici dillərə malik QHT nümayəndələri beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil edir, Azərbaycanın haqq səsini, haqlı mövqeyini, mövcud reallıqları bütün dünyaya olduğu kimi çatdırır, ölkəmizin əleyhinə olan fəaliyyətlərə qarşı səmərəli mübarizə aparırlar.
 
Dövlətin QHT-lərə beynəlxalq layihələr üçün dəstəyi cəmiyyət tərəfindən də müsbət qarşılanır. 

Bəs görəsən, vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün daha nələr etməlidir, hansı istiqamətlərdə çalışmalıdır?

Məsələ ilə bağlı "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli AZXEBER.COM-a danışıb.
 


O bildirib ki, QHT-lər, vətəndaş cəmiyyətləri gücləndikcə Azərbaycanın haqq səsi dünyada daha da yüksəkdən eşidiləcək:

"İstər QHT-lərin, istərsə də media resurslarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, şübhəsiz ki, önəmli faktordur. Amma bu vətəndaş cəmiyyəti institutlarının inkişafının və fəaliyyət istiqamətlərinin bir hissəsidir, tamamı deyil. Vətəndaş cəmiyyəti institutları gücləndikcə, maddi-texniki bazalarını, insan resurslarını inkişaf etdirdikcə, onların beynəlxalq əlaqələri, həmçinin fəaliyyət göstərdikləri istiqamətlər üzrə regional və qlobal proseslərdəki iştirakı da artacaq. QHT-lərin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların beynəlxalq təşkilatlarda iştiraklarının təmin edilməsi üçün isə, bu sahəyə intellektual, təşəbbüskar, yaradıcı düşüncəyə sahib və öz işinin bilicisi olan insanların gəlişinin təmin edilməsinə ehtiyac var. QHT sektoruna çalışdığı sahədə uğur qazanmış, ciddi, məsuliyyətli, təcrübəsiylə, yaradıcı potensialı ilə başqalarına da yol göstərə biləcək insanların gəlişini təmin etmək üçün isə, ilk növbədə bu sahənin cazibədarlığını artırmaq lazımdır".

Siyasi şərhçi qeyd edib ki, bu inkişafa mane olanlar da az deyil: 

"Bu sahədə son illər bir sıra islahatlar həyata keçirilir və nəticəsi də artıq nəzərə çarpmaqdadır. Amma bu prosesə maneə yaradanların sayı, sektorun cazibədarlığını və əhəmiyyətliliyini artırmaq niyyəti güdənlər, işgüzar və nəticəyönümlü mühit formalaşdırmaq istəyənlərdən daha çoxdur. Uzun illər boyu vətəndaş cəmiyyəti institutlarının mahiyyətini müxtəlif tədbirlərdə "şəkil çəkdirmək”, rabitəsiz şəkildə "3-4 kəlmə” danışmaqla varlığını nümayiş etdirmək, bu və ya digər tədbirin siyahısında yer almaq kimi dərk edənlərin, həmçinin başqa heç bir sahədə özünü doğrulda bilməyənlərin QHT sektorunun üzərinə saldıqları "kölgələr” çəkilməyincə, peşəkarlıq, məsuliyyət, yaradıcılıq və işgüzarlığın ön plana çıxacağı bir qədər çətin görünür".

Şübhəsiz ki, inzibati vasitələrlə sadaladığım problemlərin həlli yolu yoxdur. Yaxşı nümunələrin sayını artırmaq və yaxşı nümunələr yarada biləcək QHT-lərə, "mənim-sənin” bölgüsü aparmadan daha ciddi dəstək vermək, fəaliyyətlərini stimullaşdırmaq lazımdır ki, ilk növbədə sektor neqativlərdən arınsın və cazibədarlığı artsın. Yəni vətəndaş cəmiyyəti institutlarını, ilk növbədə öz cəmiyyətimizin aparıcı qüvvəsinə çevirmək lazımdır. Bunlar sonra, artıq onların özü cəmiyyətin aparıcı qüvvəsini təmsil edən təsisatlar kimi beynəlxalq müstəviyə çıxa biləcəklər. Daha öncə də qeyd etdiyim kimi, belə nümunələr var, amma yetərli deyil, sayları azdır. Bu baxımdan da, artıq Azərbaycandakı QHT-lərin sayı haqqında yox, keyfiyyəti haqqında danışmağın və bununla bağlı nümunələr gətirməyin zamanıdır. Düşünürəm ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və vətəndaş cəmiyyəti instutlarının intellektual, vicdanlı, işgüzar təmsilçiləri qarşılıqlı etimad və birgə fəaliyyət nəticəsində bu vəzifənin öhdəsindən gələ biləcəklər".
 


Politoloq İlyas Hüseynov da AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.

Siyasi şərhçi hesab edir ki, bugünkü vətəndaş cəmiyyətləri, QHT-lər Azərbaycanın haqq səsini dünyaya çatdırırlar: 

"Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olması hamımızın istəyidir. Düşünürük ki, möhkəm dayaqları olan vətəndaş cəmiyyəti bizim haqq səsimizi beynəlxalq auditoriyada daha inamlı şəkildə təmsil edəcək. Lakin burada bir sıra çatışmazlıqların və problemlərin olduğunu da qeyd etmək lazımdır. Çünki QHT-lərin (Qeyri-Hökumət Təşkilatları) qeydiyyata alınmasında problemlər mövcuddur. Bunu müşahidələrim zamanı görmüşəm. Eyni zamanda, QHT-lərin beynəlxalq layihələr üçün dəstək almasında da bir çox seçimlərdə narazılıqlar var. Bunu QTH-lərin nümayəndələri də qeyd edirlər.

Xarici səfərlər zamanı müəyyən mənada selektiv yanaşmalar olur. Buna baxmayaraq, mənə elə gəlir ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatları haqq səsimizi dünyaya çatdırmaqda qərarlıdır. Yəni, bu fəaliyyəti kimin etməsindən asılı olmayaraq əsas məqsəd Azərbaycan, azərbaycançılıq və dövlətçilikdirsə, bu funksiyanın öhdəsindən QHT-lər gələ bilirlər. Biz bunu bariz şəkildə ekoaktivistlərin keçirdiyi aksiyada gördük. Vətəndaş cəmiyyəti burada etiraz səsini ucaltdı. Nəticədə biz öz ədalətli səsimizdə və haqq qələbəmizdə qalib gəldik. Sonda Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan öz suverenlik yolunda çox əmin addımlar atdı. Qarşıdakı dönəmdə də Qeyri-Hökumət Təşkilatları bu narrativləri rəhbər tutmalıdırlar. Bu milli vətən, dövlət, bayraq ideologiyası ətrafında daha sıx birləşməlidirlər. Bu proses milli qürur məsələsidir. Düşünürəm ki, bütün QHT-lər cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və bizim ardıcıl, qətiyyətli siyasətimizə dəstək verməlidirlər".

Mikayıl Mirzəzadə,
Yazı Medianın İnkişafı Agentliyinin "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR