Xalq artisti Röya Ayxan Yeni il münasibətilə konsert vermək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gedib.
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.
Belə ki, xalq artistini əvvəlcə hərbi kursant gül buketi ilə, daha sonra isə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev təmtəraqlı şəkildə qarşılayıb.
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.
Belə ki, xalq artistini əvvəlcə hərbi kursant gül buketi ilə, daha sonra isə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev təmtəraqlı şəkildə qarşılayıb.
Sözügedən video ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri icra başçısını bu addıma görə tənqid ediblər. İzləyicilərin bir qismi isə icra başçıları və vəzifəli şəxslərin davranışlarının cəmiyyətə yanlış mesaj verdiyini vurğulayıb.
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, belə hallar düzgün deyil:
"Bu kimi hallar açıq-aşkar biabırçılıqdır. Məmurların böyük bir qismi pozğunluq ilə məşğuldur. Maraqlıdır, onlar hansısa şəhid anasını və ya qazini bu cür ehtiramla qarşılayırlarmı? Cənab Prezident korrupsiya ilə məşğul olan icra başçılarını qətiyyətlə vəzifədən azad edir. Bu, yuxarı təbəqə üçün ciddi bir örnək olmalıdır. Cənab Prezident ölkə daxilində hərtərəfli təmizləmə siyasəti aparır. Prezidentin siyasətinə uyğun gəlməyən, baş qaxıncı olan şəxslər vəzifədə qalmamalıdır. Onlar köhnə sistemin "şeytanlarıdır””.
Partiya sədr vurğulayıb ki, icra başçıları müğənnilərə pul xərcləyir:
"Bəzi icra başçıları özlərinə məşuqələr saxlayır, istər ölkə daxilində, istərsə də xaricdə müğənnilərə böyük pullar xərcləyirlər. Bunu həmin müğənnilərin özləri də etiraf edir. Televiziyada bir az tanınan, gözəl aparıcı olan kimi "Ağ şəhər”də ona villa bağışlayırlar. İcra başçısı müğənnini niyə bu qədər təmtəraqla qarşılayır? Onlar göydən düşməyib axı”.
H.Hacıyev qeyd edib ki, icra başçıları ehtiyacı olan şəxslərə əl tutmalıdır:
"Əgər icra başçıları hansısa real addım atmaq istəyirlərsə, Prezidentdən nümunə götürüb ehtiyacı olan insanların problemləri ilə məşğul olsunlar. Elə ailələr var ki, bayram süfrəsinə qoymağa yeməkləri yoxdur. Partiya sədri olaraq onlara zəng etsək, çox vaxt heç əlaqə saxlamaq da mümkün olmur. Onlar bu davranışı yuxarıdan öyrəniblər, Prezidentə yaltaqlanaraq özlərini yaxşı tanıdan adamlardan "dərs” alıblar”.
Sədr bildirib ki, bu kimi addımlar xalqı dövlət başçısına qarşı qaldırmaqdır:
"2026-cı ildə bir çox məsələlərin üstü açılacaq. 2010-cu ildə Ramiz Mehdiyevin hansı "yuvanın quşu” olduğunu necə ortaya qoymuşamsa, yenə də eyni həqiqətləri ifşa edəcəyik. Bu cür addımlar xalqı dövlət başçısına qarşı qaldırmağa hesablanıb. Bəzi icra başçılarının apardığı siyasət Prezidentin siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Onlar böyük ideoloji mərkəzdən idarə olunurlar”.
Şahanə Ziyad










































