“Vətəndaş-məmur münasibətləri prezident İlham Əliyevin vətəndaşlarla görüşü zamanı yaranan münasibət kimi olmalıdır”.
AZXEBER.COM-un məlumatına görə, bunu SİA-ya açıqlamasında, deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Çingiz Qənizadə deyib. O bildirib ki, prezident kütlə ilə görüşlərində səmimi və təvəzökar münasibətdə olur, onların problemlərini dinləyir. Baxmayaraq ki, ölkə başçısının kütlə ilə bu qədər yaxınlığı onun təhlükəsizliyi baxımından risklidir: “Amma prezidentin vəzifəyə təyin etdiyi bəzi məmurlar var ki, onlar elə cənab prezident nitqində bildirdiyi kimi, eqoizm xəstəliyinə tutulublar. Vətandaşlarla öz aralarında sərhəd çəkirlər, insanlardan, sadə kütlələrdən uzaq olmağa, onlardan dəbdəbəli geyimlərlə, bahalı maşınlarla, qiymətli hədiyyələrlə fərqlənməyə çalışırlar. Özlərinə və yaxınlarına dəbdəbəli ad günləri, toylar keçirir, məclislər qururlar. Fikrimcə, bu hərəkətlər məmurun kütlədən “yuxarıda” deyil “aşağıda” durmasının göstəricisidir. Onlar bu münasibətlə, var-dövlətlərilə öyünməklə yüksələ bilməzlər. Əksinə, vətəndaşları dinləməklə, onların problemlərini həll eləməklə, onlarla təmasda olmaqla, prezidentin siyasətini düzgün yerinə yetirməklə, verilən tapşırıqları vaxtında və dəqiq reallaşdırmaqla bu ucalığı, vətəndaş hörmətini qazana bilərlər. Lakin çox təəssüf ki, məmurların vəzifələrində və hərəkətlərində yol verdikləri neqativ hallar bəzən daha böyük narazılıqlara gətirib çıxarır. Prezident çox haqlı olaraq “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının IV ilinin yekunlarına həsr olunmuş konfrans”dakı nitqində vətəndaş məmur münasibətləri barəsində çox önəmli fikirlər səsləndirib. Mən dövlət başçısının bu fikirlərini həm millət vəkili, həm də bir vətəndaş olaraq alqışlayıram. Amma məndə belə bir şübhə var ki, bəzi məmurlar var ki, onlar “düzələ” bilmirlər və bilməyəcəklər. Prezidentin də qeyd etdiyi kimi, bu cür hallara yol verən və ölkə başçısının son xəbərdarlığından da nəticə çıxara biləməyən məmurlar cəzalandırılacaq”.
Hər bir millət vəkilinin və hər bir vətəndaşın bu məsələnin həllində prezidentə yardımçı olmasının vacibliyini vurğulayan hüquqşünas bildirib ki, istənilən məsələdə baş verən qanunsuzluqlar barədə lazımi orqanlara məlumat verilməlidir: “Prezidentin tapşırıqlarına uyğun olmayan hərəkətlər və idarəçiliyin imkanlarına neqativ yanaşma varsa, bu barədə hüquq mühafizə orqanları məlumatlandırılmalıdırlar. Çünki, kiçik problemlər vaxtında həll olunmasa onlar gələcəkdə böyük problemə çevriləcək”.
Millət vəkili qeyd edib ki, bəzi məmurlar tərəfindən qəsdən vətəndaşlar üçün yaradılan problemlərin həll olunması istiqamətində lazımi orqanlara müraciət etmək istəyən vətəndaşlar “Əgər şikayət etsəm işimi bir az da çətinə salacaqlar” kimi fikirlərə düşürlər: “Lakin vətəndaşlar bilməlidirlər ki, məmurların neqativ hərəkətləri barədə hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinməməlidirlər. Vətəndaşların bu barədə məlumatlandırılmasına da böyük ehtiyac var. Bunun üçün ən yaxşı vasitə televiziyalardır. Çox təəssüf hissilə qeyd edirəm ki, bu gün
Azərbaycanda televiziya məkanında həddindən çox bayağı, milli mentalitetə, əxlaqi dəyərlərə zidd verilişlərin sayı çoxalıb. Bu məsələni də çox vaxt özəl kanalların gəlir əldə etməsilə bağlayırlar. Lakin mən belə hesab edirəm ki, bu kimi məsələlərdə kanallar güzəştə getməli problemlərin həlli yollarının istiqamətləri barəsində vətəndaşları məlumatlandırmalıdırlar. Rayonlarda, kəndlərdə insanlar qəzet və internetdən o qədər də çox istifadə etmək imkanına malik deyillər. Burada əsas rolu televiziya məkanı oynayır. Telekanallar bu mövzuların işıqlandırılmasına yardım etsə, tez-tez rəsmi şəxsləri bu kimi mövzuların müzakirəsinə cəlb etsələr insanların da öz hüquqlarını tanıması asanlaşar. Ümumiyyətlə, bu sahədə maarifləndirmə və təbliğat işi gücləndirilməlidir”.