“Bəzi valideynlər qızını erken cinsi münasibətdən qorumaq üçün tez ərə verir" - RƏY

“Bəzi valideynlər qızını erken cinsi münasibətdən qorumaq üçün tez ərə verir" - RƏY
SOSİAL
12:40 29.11.2025
531
"Cəmiyyətin müəyyən təbəqələrində "qız vaxtında ərə getməlidir" düşüncəsi o qədər dərin kök salıb ki, artıq fərdi seçim yox, avtomatik proses kimi qəbul olunur”.

Bunu AZXEBER.COM-a açıqlamasında sosioloq Yusif Nəbiyev Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısının alınması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, erkən evliliklərin hələ də geniş yayılmasının əsas səbəblərindən biri Azərbaycanda və ümumən Şərq toplumlarında namus–iffət anlayışının yanlış interpretasiyasıdır:

"Bu dəyərlər hələ də aşınmayıb və evlilikdən əvvəl cinsi münasibət qınanır. Elə buna görə də bəzi valideynlər qızlarını erkən ərə verməklə guya onları ‘qoruduqlarını’ düşünürlər. Kiminləsə münasibət yaşama ehtimalının qarşısını almağın yolunu məhz erkən nikahda görürlər. Qız nə qədər tez ərə gedərsə, valideynlər məsuliyyəti bir o qədər tez ‘ər evinə ötürülmüş’ sayırlar. Bu, tamamilə yanlış yanaşmadır, amma real vəziyyətdir. Bəzi ailələr və təhsilsiz gənc xanımlar üçün erkən evlilik hələ də ‘reputasiyanı qoruma’ üsulu kimi qəbul edilir”.

Sosioloq vurğulayıb ki, cəmiyyətdə "qız vaxtında ərə getməlidir” fikri hələ də güclüdür:

"Bu düşüncə müəyyən təbəqələrdə o qədər kök salıb ki, artıq normaya çevrilib. Bu normanı pozan qadın ‘evdə qalan’, ‘ailə qura bilməyən’ kimi damğalanır. Nəticədə tələsik və keyfiyyətsiz ailələr qurulur, sonra isə bu ailələr dağılmaq təhlükəsi ilə üz-üzə qalır”.

Onun sözlərinə görə, cəmiyyətin digər bir qismi isə əksinə — evlilikdən qaçır:

"Evlilik yaşının artması qlobal tendensiyadır və Azərbaycan da bu prosesin içindədir. İnsanlar karyera, təhsil və şəxsi inkişafı prioritetləşdirir. İqtisadi çətinliklər fonunda ailə saxlamaq daha məsuliyyətli olduğuna görə insanlar maddi stabillik əldə etmədən evlənmək istəmirlər. Bu səbəbdən evlilik yaşı getdikcə yüksəlir”.

Nəbiyev bildirib ki, erkən evliliklərlə bağlı statistika zaman kəsiyinə görə dəyişir:

"Əgər son 5–10 ilə baxırıqsa, azalma yoxdur. Amma son 30 illik perspektivdən yanaşsaq, erkən evliliklərdə azalmanın olduğunu görmək mümkündür”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR