Xaricdə attestatla qəbul olunan və heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslərin sonrakı təhsil və peşə yollarında ciddi çətinliklərlə üzləşdiyi bildirilir. Bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə səsləndirib. Onun sözlərinə görə, bu kateqoriyaya aid şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir və bəziləri hətta təhsil aldıqları ali məktəbin tədris dilini və ixtisasının tam adını düzgün ifadə etməkdə çətinlik çəkirlər.
Təhsil eksperti Rizvan Fikrətoğlu AZXEBER.COM-a deyib ki, belə problemlər uzun illərdir müşahidə edilir:

"Səsləndirilən fikirlər Azərbaycan ali təhsil sistemində uzun illərdir mövcud olan struktur problemlərə bir növ işarədir. Heç bir qiymətləndirmə və ya seçmə mərhələsindən keçmədən, yalnız attestat əsasında xaricdə təhsil alan və ali məktəblərə qəbul olunan şəxslərin akademik hazırlıq səviyyəsi çox vaxt ali təhsilin tələblərinə cavab vermir. Bu isə onların həm təhsil prosesinə adaptasiyasında, həm də gələcək peşə fəaliyyəti zamanı ciddi çətinliklər yaradır”.
Ekspert deyib ki, ali təhsildə keyfiyyət yalnız qəbulun kütləviliyi ilə ölçülməməlidir:
"Beynəlxalq təcrübə də göstərir ki, ali təhsildə keyfiyyət yalnız qəbulun kütləviliyi ilə ölçülməməlidir. Burada tələbənin baza bilik və bacarıqları əsas meyar olmalıdır. Qiymətləndirmə mexanizmlərinin olmaması, motivasiya çatışmazlığı, ixtisas seçiminin şüursuz aparılması nəticə etibarilə formal təhsil və ya diplomun əmək bazarında dəyərsizləşməsi ilə nəticələnir. Tural Əhmədovun da qeyd etdiyi kimi, tədris dili və ixtisasının mahiyyətini belə dərk etməyən tələbə modelinin formalaşması sistemli risk yaradır. Xüsusilə xarici ali təhsil müəssisələrinə qəbul prosesində minimum bir və ya iki baza bacarığını ölçən mexanizmlərin tətbiqi, peşəyönümlü məsləhət xidmətlərinin gücləndirilməsi və attestatla qəbulun ciddi şəkildə tənzimlənməsi zəruridir”.
Təhsil eksperti vurğulayıb ki, attestatla qəbul hallarının daha çox oğlanlarda müşahid edilir:
"Attestatla qəbul hallarının daha çox oğlanlar arasında müşahidə edildiyi də diqqət çəkir. Belə ki, bakalavr təhsilini başa vurduqdan sonra hərbi xidmət məsələsi ilə üzləşən və ya ümumiyyətlə ali təhsili yarımçıq qoymaq istəməyən bəzi şəxslər bu üsula üstünlük verirlər. Çox zaman bu prosesdə mövsümi fəaliyyət göstərən xaricdə təhsil şirkətləri vasitəçi olur və onların təqdim etdiyi imkanlar bir çox hallarda uğursuz nəticələnir.
Ümumilikdə, heç bir göstərici və qiymətləndirmə olmadan yalnız attestatla qəbul ciddi risklər yaradır. Azərbaycan qanunvericiliyinə zidd şəkildə əldə olunmuş sənədlərin tanınması mümkün deyil və bu cür hallar gələcəkdə daha böyük hüquqi və sosial problemlərə səbəb olur”.
Şahanə Ziyad










































