“Bəziləri elə düşünürlər ki, tarixi-memarlıq abidələrimzi qorumaq sadəcə dövlətin vəzifəsidir” - MÜSAHİBƏ

MARAQLI
15:33 03.09.2011
1898

“Bu gün Azərbaycana turist axınının səviyyəsi aşağı, yerli hotellərin və istirahət mərkəzlərinin qiymətləri həddindən artıq yuxarıdır”.

Müsahibimiz “Heritage Travel” turizm şirkətinin direktoru Rəşad İbrahimovdur. Ölkəmizdə 2011-ci ilin “Turizm ili” elan olunmasını nəzərə alaraq, onunla görüşüb, Azərbaycanda turizmin vəziyyətindən, bu sahədəki problemlərdən və onların çıxış yollarından danışdıq.

O, söhbətə rəhbərlik etdiyi şirkət haqqında məlumat verməklə başladı:

Azərbaycanda turizm sahəsində görülən işlərin kəmiyyət və keyfiyyət göstəriciləri günü-gündən inkişaf etməkdədir və təbii ki, prezident İlham Əliyevin bu ili “Turizm ili” elan etməsi görülən işləri daha da stimullaşdırmaqdadır. Rəhbərlik etdiyim “Heritage Travel” şirkəti də bu sahədə öz töfhələrini vermək niyyətindədir.

“Heritage Travel” turizm şirkəti 2011-cu ilin yanvar ayında qeydiyyatdan keçərək rəsmən fəaliyyətə başlayıb. Şirkətimizin bir sıra mühüm məqsədləri var. Əsas məqsədimiz Azərbaycanın mədəni irsini, tarixi-memarlıq abidələrini, gözəl güşələrini, istirahət zonalarını həm ölkəmiz daxilində tanıtmaq, həm də dünya turizm bazarına çıxararaq xarici turistləri respublikamıza cəlb etməkdir. Bundan ötrü biz tanıtım seminarlarının keçirilməsinə, müxtəlif dillərdə kataloq, kitabça, broşurların nəşrinə, eyni zamanda mədəni irs, tarixi, arxeoloji və s. turların marşrutlarının müəyyən edilməsinə başlamışıq. Misal olaraq may ayından elan edilən “Şirvan xəzinəsinə aparan yollar” adlı mədəni irs turlarını qeyd edə bilərəm.

“Şirvan xəzinəsinə aparan yollar” adlı mədəni irs turu ölkəmizdə bu günə qədər keçirilən turlardan nə ilə fərqlənir?

Adama elə gələ bilər ki, söhbət hansısa xəzinənin axtarışından gedir. Əslində, biz Azərbaycanın özənəməxsus zəngin tarixi və mədəniyyəti olan Şirvanın “xəzinəsi” olaraq onun mədəni irsini, o cümlədən tarixi memarlıq abidələrini, qalalarını, şəhərlərini, digər maddi mədəniyyət nümunələrini, eyni zamanda gözəl təbiətini nəzərdə tuturuq. Həqiqətən də, Diri Baba türbəsi, Gülüstan qalası, Qədim Şamaxı, Cümə məscidi, Buğurt qalası, Yeddi Günbəz kompleksi, Orta əsr Ağsu şəhəri, Şeyx Dursun türbəsi, Qırlartəpə, Mehrəvan, Cavanşir qalası, Basqal, Lahıc, Fitdağ Şirvanın əsrlərlə yığılmış, toplanmış xəzinələrdir. Bu abidələrin öyrənilməsi və təbliği, ölkə və dünya ictimaiyyətinə bu xəzinələrin dəyərinin göstərilməsi böyük önəm kəsb edir. Bu tur vasitəsilə biz yerli və xarici turistləri bu “xəzinəni” birlikdə kəşf etməyə çağırırıq. Bundan əlavə, 2010-cu ilin mart ayından “Miras” İctimai Birliyinin maliyə dəstəyi və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnistitutu, Milli Azərbaycan Tarixi muzeyinin birgə təşkilatçılığı ilə yaradılmış Ağsu arxeoloji ekspedisiyası orta əsr Ağsu şəhəri yerində geniş miqyaslı arxeoloji qazıntılara başlayıb. Hazırda davam edən arxeoloji qazıntılar nəticəsində orta əsrlərin yadigarı olan Ağsu şəhərinin mühüm bir hissəsi üzə çıxarılıb. Bu ilin fevralında isə şəhərin sənətkarlar məhəlləsi adlanan hissəsi üzərindəki üstüörtülü muzeyin rəsmi açılşı olub. İnanıram ki, yaxın zamanlarda bura möhtəşəm bir kompleksə çeviriləcək. Regionumuzda belə analoqu olmayan bu muzey kompleksi, nəinki Ağsuya, bütövlükdə Şirvan regionuna turist axınını yüksəlməsinə səbəb olacaq. Bu turlar çərçivəsində iştirakçılar orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılarda iştirak etmək imkanı da əldə edəcəklər. Bu da bir yenilikdir və bizim turları fərqləndirən özəlliklərdəndir.

- Rəşad müəllim, sizin fikirinizcə belə turların təşkili ictimaiyyətin marağına səbəb ola biləcəkmi?

Düşünürəm ki, bizim təşkil etdiyimiz turlar nəinki yerli ictimaiyyətin, eyni zamanda xarici qonaqların da diqqət mərkəzində olacaq. Təbii ki, bizim turlar əsasən intelektual, tariximizə, mədəniyyətimizə, mədəni irsimizə marağı olan insanları özünə cəlb edəcək. Bu gün dünyada mədəni turizm, arxeoturizm, etnoturizm kimi bilinən turizm sahələri turistləri özünə cəlb etməkdə və günün-gündən inkişaf etməkdədir. Ölkəmizdə bu sahələrin inkişaf etdirilməsi zəruri məsələlərdəndir. Bundan ötrü də belə turların önəmli olması danılmazdır. İnanıram ki, “Heritage Travel” bu önəmli missiyanı uğurla həyata keçirəcək.

Bu il “Turizm ili” olsa da, turizm sahəsində problemlər də var...

Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında xeyli zamandır ki, öz əksini tapıb.Belə ki, artıq 1999-cu ildəMilli Məclis tərəfindən "Turizm haqqında" qanun qəbul edilib, 27 iyul 1999-cu ildə isə, o zamankı ölkə başçısı Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzalayıb. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi. Bundan əlavə, artıq 2001-ci ildən Azərbaycan Respublikası Ümumdünya Turizm Təşkilatının üzvü oldu. Məhz 2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Bununla da, Azərbaycan bütün dünyada turizm məkanı kimi qəbul olunaraq tanınmağa başlandı. Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olunması bu sahənin inkişafına yeni qapılar açmış oldu. Bu illərdən başlayaraq Bakıda, Gəncədə, Qəbələdə, Şəkidə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə biləcək müasir mehmanxanaların inşası geniş vüsət aldı və onlar artıq fəaliyyət göstərir. Hazırda respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 150-dən çox mehmanxana rəsmi qeydiyyatdan keçib. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Bundan savayı, turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı günü-gündən artır. Bir sözlə, hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf edir. "2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır. Ancaq bütün bu müsbət tendensiyalarla yanaşı, hələ də turizm sahəsində xeyli problemlər var. Bu sahədəki ən ciddi problemlərdən biri ixtisaslı kadrların azlığıdır. Yüksək səviyyədə xidmət göstərməyən hotellərimiz var, hətta onların bəzilərində antisanitariya şəraiti hökm sürür. Azərbaycanda bu sektordakı qiymətlər də çox yüksəkdir. Turizm sahəsi yalnız turizm şirkətləri və obyektlərini əhatə etmir, ona iaşə obyektləri, ticarət nöqtələri, infrastruktur da daxildir. Bu məsələlərdə də problemlər mövcuddur. Turizm ölkəsi olmaq istəyən bir ölkənin problemlərlə üzləşməsi normaldır. Biz bu problemləri sadalamaqla kifayyətlənməməli, daha çox onların həll edliməsi üçün konkret təkliflərlə çıxış etməliyik. Fikrimcə, bu ilin "Turizm ili" elan olunması bəhs etdiyimiz problemlərin aradan qaldırılmasına müsbət təsir edəcək və gələcək inkişaf üçün stimul olacaq. Bizim şirkət də bu sahədəki problemlərin həllini nəzərdə tutan bir sıra layihələr həyata keçirmək fikrindədir.

Nədənsə, Azərbaycanın mədəniyyət abidələri nəinki xarici turistlərin, hətta ölkəmizin vətəndaşlarının da marağından kənarda qalıb. Onlara turistlərin cəlb edilməsi ilə bağlı nə təklif edirsiniz?

Bu məsələ də qeyd etdiyimiz problemlərimizdən, özü də ən ciddi problemlərdəndir. Təəssüf ki, bizim vətəndaşların bəziləri elə düşünürlər ki, tarixi-memarlıq abidələrimzi qorumaq sadəcə dövlətin vəzifəsidir. Unudurlar ki, bu abidələr xalqa məxsusdur, xalqın aynasıdır. Onu qorumaq əvəzinə, bu abidələrə biganə münasibət bəsləyirlər, belə münasibətsə keçmişimizin yadigarlarının dağılmasına gətirib çıxarır. Məsələn, Şamaxıda yerləşən məhşur Yeddi Gümbəz türbələr kompleksi belə acınacaqlı vəziyyətdədir. Yeddi Gümbəz türbələr kompleksi XVIII əsrin əvvəllərinə aiddir. Hazırda türbələrdən yalnız üçü salamat qalıb. Digərlərinin bəzilərinin gümbəzləri uçub, bəzilərinin isə divarı dağılıb.

Və ya 1322-ci ilə aid Azərbaycanın nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi uçmaq təhlükəsi ilə üz-üzədir. Hazırda türbədə çatlar əmələ gəlib. Ötən əsrin 50-ci illərində aparılan bərpa işləri zamanı abidənin quruluşunu dəyişdirib kilsəyə bənzətməyə çalışıblar. Çünki memarların arasında erməni memarı olub. Üstünə örtülən dəmir beton konstruksiya türbənin divarlarına düşən yük təzyiqinin normadan yüksək olmasına səbəb olub. Abidənin divarları bu yükə hesablanmadığı üçün onun divarlarında çatlar əmələ gəlib. Bir tarixçi olaraq fürsətdən istifadə edib, qeyd etmək istərdim ki, abidənin uçmasının qarşısını almaq üçün ilk növbədə onun üzərindəki beton konstruksiya götürülməlidir. Bu abidənin üzərində firuzəyi kaşılarla 200 dəfədən çox Allah sözü yazıldığından yerli əhali arasında “Allah-Allah” türbəsi kimi də tanınır. Abidənin kitabələri demək olar ki, tamamilə dağılıb, üzərində ərəb əlifbası ilə yazılan sözlər silinib və artıq oxunmur. Üstəlik onun yanında uşaqlar istirahət mərkəzi kimi nəzərdə tutulan, amma əslində adi bir çayxana fəaliyyət göstərir. Və buranın müştəriləri (əminəm ki onlar bu hərəkəti düşünərək etmirlər) təbii ehtiyaclarını ödəmək üçün bəzən bu abidəni, ondan 100 metr aralıda yerləşən ayaq yolundan üstün tuturlar...

Oxşar vəziyyətdə olan abidələrimiz çoxdur. Ona görə də, biz müxtəlif seminarların, konfransların keçirilməsini, əhali arasında, orta məktəblərdə və digər tədris ocaqlarında təbliğat-təşviqat işlərinin intensivləşdirilməsini zəruri hesab edirik və bu sahədə konkret təkliflərimiz də var. Bundan əlavə, bizim həyata keçirmək istədiyimiz mədəni irs, tarixi-mədəni, arxeolji, etnoqrafik turların əsas məqsədi məhz bu problemi aradan qaldırmaqda dövlətimizə yardımçı olmaqdır.

Sizin də qeyd etdiyiniz kimi, xarici ölkələrə nisbətən, ölkəmizdə turizm sektorunda qiymətlər olduqca bahadır. Turistlərin azlığını bununla əlaqələndirmək olarmı?

Yerli turizm şirkətlərinin təklif etdikləri tur paketlərin qiymətləri bahadır. İnsanlar, təbii olaraq, seçim edərkən qiymətərə diqqət yetirir və ən münasib olanına üstünlük verir, daha dəqiq desək, ucuz, amma keyfiyyətli istirahət güşələrinə üz tuturlar. Yerli hotellərin və istirahət mərkəzlərinin qiymətləri həddindən artıq bahadır. Bunun muqabilində onların çoxunda xidmət səviyyəsi və komfortluluq çox aşağı səviyyədədir. Bundan əlavə, Azərbaycanda uçuşlar da bahadır. Təbii olaraq, bütün bu amillər mövcud qiymətlərin baha olmasını şərtləndirir, nəticədə, turizmin inkişafı ləngiyir. Bu problemi həll etmək üçün sağlam rəqabət mühiti yaradılmalı, müəssisələrin sayı artmalı, dövlət onlara dəstək olmalı, sənədləşmə işi sadələşdirilməli, infrastruktur sahəsində görülən işlər sürətləndirilməli, hotel və istirahət mərkəzlərinin xidmət qiymətlərinə və səviyyəsinə nəzarət artırılmalı, xüsusi turist zonalarının formalaşdırılması sürətləndirilməlidir.

Söhbətləşdi: Cəfər MƏNSİMİ

OXŞAR XƏBƏRLƏR